Yaponiya böyük təbii fəlakətlər və fövqəladə hallarda dövlət idarəçiliyinin fasiləsiz davam etməsini təmin etmək məqsədilə “ikinci paytaxt”ın yaradılması istiqamətində ilk hüquqi addımı atıb.
Tribuna.az xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.
Məlumata görə, Yaponiya parlamentinin aşağı palatası – Nümayəndələr Palatası fövqəladə hallar zamanı Tokionun əsas funksiyalarını öz üzərinə götürə biləcək ehtiyat paytaxtın yaradılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Hakim Liberal Demokrat Partiyası (LDP) və koalisiya tərəfdaşı Yaponiya İnnovasiya Partiyası (JIP) tərəfindən hazırlanan qanun layihəsinə əsasən, ikinci paytaxtın yerləşəcəyi bölgəni seçmək səlahiyyəti baş nazirə veriləcək.
Sənədə görə, baş nazir prefekturalardan daxil olacaq müraciətləri əhalinin sayı, iqtisadi potensial və digər meyarlar əsasında qiymətləndirəcək. Araşdırmalar başa çatdıqdan sonra ikinci paytaxt kimi istifadə olunacaq bölgə müəyyən ediləcək.
Hakim partiyalar bildirirlər ki, namizəd bölgələr Tokio ilə eyni təbii fəlakət risklərini daşımamalıdır. Məqsəd güclü zəlzələ və ya digər iri miqyaslı təbii fəlakət zamanı dövlət idarəçiliyinin dayanmadan fəaliyyətini davam etdirməsini təmin etməkdir.
Liberal Demokrat Partiyası və Yaponiya İnnovasiya Partiyası qanun layihəsinin hazırkı qanunvericilik dövrü başa çatmamış parlamentin yuxarı palatası – Müşavirlər Palatası tərəfindən də təsdiqlənərək qanun qüvvəsinə minməsini hədəfləyir.









