Bitcoinin qiyməti 3%-ə yaxın ucuzlaşaraq yenidən 80 min dollar həddindən aşağı düşüb.
Tribuna.az xəbər verir ki,Bloomberg-in məlumatına görə, əsas kriptovalyutanın enişinə ABŞ əmək bazarı ilə bağlı açıqlanan yeni statistika təsir edib. Məlumatlar gözləntilərdən daha güclü olub və bu da Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artırması ehtimalını gücləndirib.
Bitcoinin qiyməti 2,8% azalaraq 79 197 dollara düşüb. Bununla yanaşı, səhmlərin və istiqrazların qiymətində də eniş qeydə alınıb.
ABŞ-da avqust ayında kənd təsərrüfatı sektoru istisna olmaqla, iş yerlərinin sayı 162 min artıb. Bu göstərici analitiklərin bütün proqnozlarını üstələyib. İşsizlik səviyyəsi isə 4,1% olaraq qalıb.
Beləliklə, Bitcoin üçün 80 min dollar həddi yenidən ciddi sınağa çevrilib. Kriptovalyuta son dövrlərdə bir neçə dəfə bu səviyyədən yuxarı möhkəmlənməyə çalışsa da, bunu davamlı şəkildə bacarmayıb.
Qeyd edək ki, sentyabrın 3-də Bitcoin 80 min dolları keçmişdi. Həmin vaxt dolların zəifləməsi və istiqrazların gəlirliliyinin aşağı düşməsi kriptovalyutanın bahalaşmasına dəstək vermişdi.
Sygnum Bankın baş investisiya direktoru Fabian Dori isə Bitcoin bazarına ABŞ Xəzinədarlığının hesablarındakı vəsaitin həcmi, bankların kredit imkanları, özəl kreditləşmə və real aktivlərə bağlı stabilkoinlərin sayının da təsir göstərə biləcəyini bildirib.
25 avqustda Bitcoin may ayının ortalarından bəri ilk dəfə 80 min dollar həddini keçərək 81 min dollardan yuxarı yüksəlmişdi.









