Çinin Şanxay şəhərində ömürləri boyu qənaətlə yaşayan və övladları olmayan ər-arvad vəfat etdikdən sonra sərvətlərinin böyük hissəsini xəstə uşaqların müalicəsinə bağışlayıb.
Tribuna.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Du İnzun və Lu Suyin adlı cütlük ümumilikdə 5 milyon yuan (təxminən 735 min dollar) vəsaiti xeyriyyə məqsədilə bağışlayıb. Bu ianə anadangəlmə ürək qüsuru olan 455 uşağın müalicəsinə kömək edib.
Cütlüyün hekayəsi avqustun əvvəlində Şanxayda keçirilən xeyriyyə sərgisində ictimaiyyətə məlum olub.
Kişi 2018-ci ildə 81 yaşında, həyat yoldaşı isə 2025-ci ilin avqustunda 92 yaşında vəfat edib. Du İnzun müəllim, Lu Suyin isə həkim kimi çalışıb. Təqaüdə çıxdıqdan sonra da Şanxayda çox sadə həyat tərzi sürüblər.
2018-ci ilin əvvəlində Du İnzun Şanxay Torakal Xəstəxanasının qarşısında ürək qüsuru ilə doğulan uşaqlara yardım çağırışı olan plakat görüb. Cütlük düşünmədən 500 min yuan (təxminən 73 min dollar) bağışlayıb. Bu vəsait 10 uşağın müalicəsinə kifayət edib.
Lakin bununla kifayətlənməyən ər-arvad daha 4,5 milyon yuanı xeyriyyəyə vermək qərarına gəlib.
Cütlüyün evinə gələn xeyriyyə layihəsinin əməkdaşı onların yaşayış şəraitini gördükdən sonra bu qərardan daşınmalarını istəyib. Mənzilin köhnə və baxımsız vəziyyətdə olduğunu görən qadın yaşlı insanlara heç olmasa pullarının bir hissəsini öz ehtiyacları üçün saxlamağı məsləhət görüb.
Du İnzun isə belə cavab verib:
“İkimizin də ömründən çox az vaxt qalıb. Pensiya alırıq və bir qədər də yığımımız var. Bizə çox pul lazım deyil.”
Cütlüyün övladı olmadığı üçün onlar sağlıqlarında razılaşma imzalayaraq vəfat etdikdən sonra əmlaklarının idarəçiliyini Şanxay Xaricdəki Çinlilər Fonduna həvalə ediblər.
Du İnzun ianəni rəsmiləşdirdikdən bir neçə həftə sonra xərçəng xəstəliyindən dünyasını dəyişib. Həyat yoldaşı isə daha bir neçə il yaşayıb və 2025-ci ilin avqustunda xəstəxanada vəfat edib.
Onların evində köhnə mebellərlə yanaşı, çərçivəsi sınmış və adi plastırla təmir edilmiş eynək də tapılıb. Həmçinin ər-arvadın gündəlik xərclərini ətraflı qeyd etdikləri onlarla dəftər aşkarlanıb.
Fond əməkdaşlarının sözlərinə görə, Du İnzun ictimai yeməkxanadan 17 yuana (təxminən 2,5 dollar) bir nahar qutusu alır və onu həyat yoldaşı ilə yarı bölərək yeyirmiş.
Bununla belə, onların sadə həyatının arxasında zəngin dünyagörüşü dayanıb. Evdə oxuduqları kitabların qeydləri, qəzet parçaları, köhnə musiqi aparatı, skripka və badminton raketləri də aşkarlanıb.
Du İnzun həmçinin fond bazarı ilə maraqlanıb. O, ailə xərclərini qeyd etdiyi dəftərlərdə birja qiymətlərinin dəyişməsini və öz müşahidələrini də yazıb.
Cütlüyün xeyriyyə fəaliyyəti yalnız ürək qüsurlu uşaqlara yardımla məhdudlaşmayıb.
2010-cu ildə Çinin Çinxay əyalətində baş verən dağıdıcı zəlzələdən sonra zərərçəkənlərə 10 min yuan bağışlayıblar. Eyni məbləği Çinin şimal-qərb bölgələrində əhalinin təmiz suya çıxışını təmin edən “Analar üçün su quyusu” layihəsinə də veriblər.
2013-cü ildə Siçuan əyalətinin Yaan şəhərində baş verən zəlzələdən sonra isə 80 min yuan zərərçəkənlərə, əlavə olaraq 20 min yuan yerli məktəblilərin təhsilinə dəstək üçün bağışlayıblar.
Bu ilin aprelində Şanxay Xaricdəki Çinlilər Fondu cütlüyün son vəsiyyətini yerinə yetirib və onların küllərini dənizə səpərək dəfn mərasimini həyata keçirib.
Fond nümayəndələri xeyriyyə sərgisində cütlüyün həyatını belə qiymətləndiriblər:
“Ölüm son deyil, sonluq unudulmaqdır. Ola bilsin ki, onların adları tarixə düşməsin. Amma kömək etdikləri 455 uşaq bu yaşlı cütlüyü və onların səmimi sevgisini həmişə xatırlayacaq.”
Cütlüyün hekayəsi Çinin sosial şəbəkələrində də geniş yayılıb. İstifadəçilər onların fədakarlığını yüksək qiymətləndiriblər.
“Onların ruhu parlayır”, – sosial şəbəkə istifadəçilərindən biri yazıb.
Başqa bir istifadəçi isə onları “fədakar və möhtəşəm insanlar” adlandırıb.
İmran Kərimli












