Ağaclar nə zaman budanmalıdır?

Ağaclar nə zaman budanmalıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın bir neçə istiqamətində, eləcə də ölkənin digər ərazilərində ağacların qol-budağının kəsilməsinə, aqrotexniki dillə desək, budanmasına rast gəlinir. Bu, haqlı olaraq, budanma vaxtında və düzgün aparılırmı?- sualını yaradır.

Bununla bağlı mütəxəssis rəyinin alınmasına, tövsiyələrin verilməsinə zərurət yarandığı üçün Ekologiya Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Rəhim İbrahimov TİA.AZ-ın suallarına cavab verib.

– İndiki vaxtda budanma aparılması nə qədər düzgündür, indi zamanıdırmı?

– Bəli, hazırda budanmanın aparılması düzgündür. Ağaclarda vegetasiya dövrü başa çatdıqdan (yarpaqlar saralıb töküləndən) sonra payız, qış və erkən yaz dövründə budanma aparılmalıdır. Budanma ağacın növündən, yaşından asılı olaraq aparılır. Əgər ağacın yaşı çoxdursa, budanma cavanlaşdırma məqsədi daşıyır. Bunun üçün ağacın çətirinin forması saxlanılmaqla gövdənin baş hissəsindən, əsasən isə xəstə, quru, qurumaqda olan və həşaratlarla sirayətlənmiş budaqların kəsilməsinə önəm verilməlidir. Kəsilmiş hissələrə isə xüsusi hazırlanmış ağac boyası sürtülməlidir.

– Budanma necə aparılmalıdır, ağac növünə görə fərq qoyulmalıdırmı?

– Bəli, fərq qoyulmalıdır. Meyvə ağaclarında budanma ancaq xəstə, bar verməyən, quru budaqların kəsilməsi ilə həyata keçirilir. Yox, əgər ağacın çətiri küləyin təsirindən bir tərəfə inkişaf edibsə, onda budanma çətirin formalaşdırılması istiqamətində, gövdəyə yaxın hissədən aparılmalıdır. Əks təqdirdə tam kəsilməyən hissə yağışdan çürüyərək həşaratların məskəninə çevrilir, sonda həmin budağın və gövdənın qurumasına gətirib çıxarır.