Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ABŞ prezidenti Donald Trampın enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı çağırışına əməl etmədiyini bildirib. Onun sözlərinə görə, Ukrayna iki gün ərzində Rusiyanın neft emalı zavodlarına və digər enerji obyektlərinə zərbələr endirməsə də, Rusiya Ukraynanın enerji və kritik infrastrukturunu hədəfə almağa davam edib.
Tribuna.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Zelenski oktyabrın 13-də bildirib ki, Rusiya oktyabrın 12-dən 13-nə keçən gecə Ukraynaya 100-dən çox müxtəlif silahdan, o cümlədən ballistik raketlərdən və hücum dronlarından istifadə etməklə zərbələr endirib.
Ukrayna prezidentinin sözlərinə görə, Kiyevə beş ballistik raketlə hücum edilib və mülki infrastruktur zərər görüb. Zelenski bu hücumdan əvvəl ölkəsinin tərəfdaşlarından vaxtında xəbərdarlıq almadığını da bildirib.
O, Rusiyanın enerji obyektlərinə hücumları dayandırmaq niyyətində olmadığını vurğulayaraq, Moskvanı atəşkəs çağırışına əməl etməməkdə ittiham edib.
Tramp həftəsonu Rusiya və Ukraynanın enerji obyektlərinə qarşı hücumları dayandırmaq barədə razılaşdığını açıqlamışdı. Lakin Kreml razılaşmanın qüvvədə olduğunu təsdiqləməyib və tərəflər arasında təmasların davam etdiyini bildirib.
Zelenski Ukraynanın qarşılıqlı gərginliyin azaldılması addımlarına hazır olduğunu, lakin bunun üçün Rusiyaya təsirli təzyiq göstərilməli olduğunu qeyd edib.
İmran Kərimli









