Yəməndə fəaliyyət göstərən husilər ABŞ-ın münaqişəyə birbaşa qoşulacağı təqdirdə Vaşinqtona və regiondakı maraqlarına qarşı cavab zərbələri endirəcəklərini bəyan ediblər. Qruplaşma Səudiyyə Ərəbistanındakı neft obyektləri və hava limanlarının da hədəf ola biləcəyini bildirib.
Tribuna.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Husilərin siyasi bürosunun üzvü Məhəmməd əl-Buxeyti agentliyə açıqlamasında ABŞ-ın Yəmənə qarşı hərbi əməliyyatlara qoşulacağı təqdirdə cavabın “sürətli və ağrılı” olacağını deyib. O, Vaşinqtonun regiondakı maraqlarının da hədəfə alına biləcəyini vurğulayıb.
Əl-Buxeyti Səudiyyə Ərəbistanındakı neft obyektlərinin və hava limanlarının əməkdaşlarına həmin ərazilərdən uzaq durmaq barədə xəbərdarlıq edib. Husilərin nümayəndəsi bu obyektlərin artıq legitim hədəflər hesab edildiyini bildirib.
Xəbərdarlıq Yəməndə husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında döyüşlərin şiddətləndiyi bir vaxtda səslənib. Son günlər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumlar qeydə alınıb. Şənbə günü baş verən hücum nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
ABŞ prezidenti Donald Tramp husilərin hücumlarını qəbuledilməz adlandırıb və Səudiyyə Ərəbistanının əməliyyatlarına ABŞ-ın da qoşulması ehtimalını nəzərdən keçirdiyini bildirib. Bununla belə, Vaşinqtonun birbaşa hərbi müdaxilə ilə bağlı yekun qərarı açıqlanmayıb.
Səudiyyə Ərəbistanı rəhbərliyi isə ölkənin təhlükəsizlik və enerji infrastrukturuna qarşı hücumların ciddi nəticələri olacağını bəyan edib. Regionda gərginliyin artması hava nəqliyyatına və neft bazarına təsirlərlə bağlı narahatlıqları da gücləndirib.
İmran Kərimli









