Kolumbiyalı müğənni Şakiranın şəxsi həyatı yenidən gündəmə gəlib. İspaniya mətbuatında sənətçinin Konqoda doğulmuş ispaniyalı basketbolçu, “Real Madrid”in sabiq oyunçusu Serj İbaka ilə münasibətdə ola biləcəyi barədə iddialar yayılıb.
Tribuna.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Məlumata görə, Şakira və İbaka son aylarda bir neçə dəfə görüşüblər. ABŞ-ın “Univision” telekanalında yayımlanan “El Gordo y la Flaca” proqramı müğənninin basketbolçuya maraq göstərdiyini iddia edib. Proqramın məlumatına əsasən, onlar münasibətlərini ictimaiyyətin diqqətindən kənarda saxlamağa və bir-birlərini tədricən tanımağa çalışıblar.
Cütlüyün Madrid şəhərində görüşdüyü, həmçinin Paris Moda Həftəsi zamanı hər ikisinin Fransa paytaxtında olduğu bildirilir. Bu təsadüf onların mümkün münasibəti barədə şayiələri daha da gücləndirib.
Jurnalist Aurelio Manzano isə Şakiraya yaxın mənbələrlə danışıb. Həmin mənbələr görüşlərin baş tutduğunu təsdiqləsələr də, tərəflərin özlərini yalnız dost hesab etdiklərini bildiriblər.
Qeyd edək ki, Şakira 2022-ci ilin iyununda “Barselona”nın sabiq futbolçusu Jerar Pike ilə ayrılıb. Onların münasibəti və ayrılığı uzun müddət dünya mediasının diqqət mərkəzində olub.
Şakiranın karyerası isə davam edir. Müğənni yeni albomunun tanıtım turu çərçivəsində Madriddə 16 gün davam edən konsert proqramını başa vurub. İbaka isə 2024–2025-ci illər mövsümünün sonunda “Real Madrid”lə müqaviləsi bitdikdən sonra klubsuz qalıb.
Nə Şakira, nə də İbaka münasibətləri barədə rəsmi açıqlama verib. Buna görə də onların sevgili olması ilə bağlı məlumatlar hələlik təsdiqlənməmiş iddia olaraq qalır.









