ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək hüququnu müdafiə edib. O, Kiyevin Rusiyanın hərbi sənayesini və neft infrastrukturunu hədəf almasına qarşı çıxmadığını bildirib.
Tribuna.az xəbər verir ki, Ukraynanın “Ukrainska Pravda” nəşrininyaydığı məlumata görə, Kelloq Ukraynanın Rusiya ərazisindəki hədəflərə hücum etməkdə sərbəst olmalı olduğunu deyib.
Keçmiş xüsusi nümayəndənin fikrincə, Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələr endirdiyi üçün Kiyev də Rusiya ərazisindəki müvafiq hədəflərə qarşı tədbirlər görə bilər. Kelloq müharibədə qarşı tərəfin zərbələrdən qorunan “təhlükəsiz zonalara” malik olmamalı olduğunu vurğulayıb.
“Ukraynalılara yaxşı bacardıqları işi görməyə imkan verin”, – deyə o bildirib.
Kelloqun mövqeyi Trampın Ukraynaya Rusiyanın neft emalı zavodlarına hava hücumlarını dayandırmaq çağırışı ilə ziddiyyət təşkil edir. ABŞ prezidenti enerji qiymətlərinə təsiri azaltmaq məqsədilə Rusiya dizel yanacağının dünya bazarına çıxarılması ilə bağlı razılaşmanı da gündəmə gətirib.
Kelloq isə bu razılaşmanın dünya bazarına ciddi təsir göstərəcəyinə inanmadığını bildirib. Onun fikrincə, Moskva ABŞ-da yaxınlaşan aralıq seçkilərindən öz maraqları üçün yararlanmağa çalışır.
Qeyd edək ki, Keyt Kelloq əvvəllər Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub. Onun açıqlamaları ABŞ administrasiyasının Ukrayna müharibəsi ilə bağlı mövqeyi ətrafında müzakirələr fonunda səslənib.
İmran Kərimli









