“Az əvvəl yanacaq doldurma məntəqəsindən yanacaq aldım. Tam bitmək üzrə idi. Nağd vəsaitim də yox idi. Yanacaq aldıqdan sonra ərzaq dükanına girdim. 3.50 AZN-lik alış zamanı kassir kartda vəsait olmadığını dedi. Hansı ki 70 AZN-ə yaxın balansım qalmışdı. Azərbaycan Beynəlxalq Bankın terminalına yaxınlaşdım. Balans təmamilə cızılmış, -84.36 AZN də borc yaranmışdı. ABB-nin filialına getdim, məlum oldu ki, texniki problem yaranıb və kütləvi olaraq insanların vəsaitləri silinib. Bu nə deməkdir bilirsiniz? Ölkənin ən nəhəng bankı, o bank ki, dövlət büdcəsinin yarıdan çoxu bu bankdadır. Bir anlıq baş verən bu texniki problemə görə ölkə iqtisadiyyatına nə qədər ziyan dəyib, təsəvvür etmək belə olmur”.
Tribuna.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Razi Abasbəyli deyib.
“Niyə ölkənin ən nəhəng bankı İT təhlükəsizlitini normal qura bilmir? Bankdan silinən vəsaitlərin sabah geri qaytarılacağını dedilər. Bəlkə, bir insana təcili tibb xidmətə görə vəsait lazımdır? Yüzlərlə misal çəkmək olar. Bu sadə məsələ deyil. Kim cavabdehdirsə, cəzalanmalıdır!” – ekspert bildirib.
ABB-nin yaydığı məlumata görə, hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq.










