“81 manatlıq bilet necə 125 manat oldu?”-Ekspert ADY-ni sərt tənqid etdi

“81 manatlıq bilet necə 125 manat oldu?”- Ekspert ADY-ni sərt tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ADY-nin Bakı-Tbilisi qatarlarında kupe üçün elan etdiyi 81 manat, gözlənildiyi kimi, 125 manat oldu. Doğrudur, mən 120 manat gözləntimlə bağlı yazmışdım, 5 manat səhvə yol vermişəm”.

Tribuna.az xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib.

O, ADY-nin Bakı – Tbilisi və Tbilisi – Bakı qatarının qiymətlərinin gözlənilən olduğunu qeyd edib: “27-28 may qiymətlərinə baxdım, 81 manatdan əsər-əlamət görünmür. Kupe üçün qiymət 125 manat olub. Bu tarixlər üçün SV 180 manat görünür. Lüks isə 277 manat. Bir ay sonra, 20-21 iyun üçün də 81 manat arxa plana keçib, qiymətlər  kupe üçün 93 manat görünür. Beləliklə, gözlənildiyi kimi, ADY -nin qiymət siyasəti elə Bakı – Balakəndən fərqlənmədi. Bu qiymətlər heç bir halda ağlabatan deyil”.

 

Ekspert ADY-nin qiymət siyasətinin qüsurlu olduğunu vurğulayıb: “Yaxşı olar ki, bu təbii inhisar subyekti sərnişindaşımaya subsidiya ayrılmasıyla  bağlı Prezidentin fərmanına uyğun olaraq, hökumətdən dəstək almaq üçün çalışsın, vuruşsun. Yükdaşımadan əldə olunan gəlirlərin daha da artırılması və bu vəsaitlərin sərnişindaşımaya yönləndirilməsi daha məntiqli olardı. Bunlara yönəlmək əvəzinə, xərclərin sadə vətəndaşların üzərinə yönləndirilməsi, qiymətləri 3-4 dəfə qaldırmaq yolverilməzdir”.

Fərda Uğur