Yunanıstanda türk ata və yunan ananın 4 yaşlı oğlu Aren Erenin ölümü ilə bağlı aparılan istintaqda yeni və sarsıdıcı detallar üzə çıxıb.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, məhkəmə-tibbi ekspertizasının rəyində azyaşlının uzun müddət ac və susuz qalması nəticəsində inkişaf edən çoxsaylı orqan çatışmazlığından həyatını itirdiyi qeyd olunub.
İstintaq materiallarında bildirilib ki, Aren Erenin çəkisi qısa müddətdə 17 kiloqramdan 9 kiloqrama qədər enib.
Ekspertlərin qənaətinə əsasən, uşağın ölümü xəstəxanaya aparılmasından ən azı 48 saat əvvəl baş verib.
Hadisə ilə bağlı aparılan araşdırma çərçivəsində uşağın anası “baxım və nəzarət öhdəliyini yerinə yetirməmək” ittihamı ilə həbs edilib.
Atanın ifadəsi və ailədaxili münasibətlər də istintaqın predmetidir.
Məlumata görə, hadisə təkcə Yunanıstanda deyil, Türkiyədə də diqqətlə izlənilir. Hər iki ölkənin aidiyyəti qurumları istintaq çərçivəsində əməkdaşlıq edir.
İstintaqın yekununda uşağın ölümünə səbəb olan bütün halların hüquqi qiymət alacağı bildirilir.
Qeyd edək ki, hadisə həm Türkiyə, həm də Yunanıstan ictimaiyyətində böyük rezonans doğurub. Sosial şəbəkələrdə azyaşlının ölümünə görə məsul şəxslərin ən ağır şəkildə cəzalandırılması ilə bağlı çağırışlar səsləndirilir. İstintaq davam edir.
Gülşən Rəsul









