“Rabitəbank” ASC-də bu ilin əvvəlindən depozit portfelində 30 milyon manatdan çox azalma qeydə alınıb.
Tribuna.az xəbər verir ki, 2026-cı ilin III rübünün sonuna bankda hüquqi şəxslərin depozitləri ilin əvvəli ilə müqayisədə 18,9 milyon manat və ya 7,6% azalaraq 227,9 milyon manata düşüb.
Ötən ilin sonunda şirkətlərin bankdakı depozitlərinin həcmi 246,8 milyon manat təşkil edib.
Hesabat dövründə fiziki şəxslərin depozitləri də azalıb. Əhalinin depozitləri 11,3 milyon manat və ya 1,8% geriləyərək 620,2 milyon manata düşüb. İlin əvvəlində bu göstərici 631,5 milyon manat olub.
Nəticədə, “Rabitəbank”ın ümumi depozit portfeli ilin əvvəli ilə müqayisədə 30,2 milyon manat və ya 3,4% azalaraq 848,1 milyon manata enib. Ötən ilin sonunda bankın ümumi depozit portfeli 878,3 milyon manat olub.
Beləliklə, bankdan çıxarılan vəsaitin əsas hissəsi hüquqi şəxslərin depozitlərinin azalması hesabına formalaşıb. Şirkətlərin depozitlərindəki azalma ümumi geriləmənin 62,4%-ni təşkil edib.
Hüquqi şəxslərin ümumi depozit portfelində payı da ilin əvvəlindəki 28,1%-dən 26,9%-ə düşüb.
Fərda Uğur









