“Zakir Fərəcov Abşeron rayonuna icra başçısı təyin olunandan sonra rayondakı əkinə yararlı sahələr dağıdılmağa başlandı”.
Bizimyol.info xəbər verir ki, bu iddianı Abşeron rayon Görədil kənd sakini Ələmdar İmran oğlu Allahverdiyev bildirib.
Kənd sakinin sğzlərinə görə, qüvvədə olan “Kəndli (fermer)” təsərrüfatı haqqında Qanuna uyğun olaraq 1991-ci ildə təsərrüfat yaratmışam. Təsərrüfat Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
“Təsərrüfat fəaliyyəti ilə məşğul olmaq məqsədilə Abşeron rayonu 2 saylı tərəvəzçilik sovxozundan 3 (üç) hektar torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin 20 yanvar 1991-ci il tarixli 15 saylı qərarına əsasən mənim üçün ayrılmış və əlavə olaraq həmin sahəyə bitişik olan 3 (üç) hektar sahədə sonra sənədləşdirilmək şərti ilə həmin məqsəd üçün mənə verilib. Cəmi 6 hektar sahə mənim 15 il ərzində qanuni istifadəmdə olub. Həmin illərdə mən ailə uzvlərimlə birlikdə altı hektar sahəni daş-kəsəkdən, kol-kosdan, qamışdan təmizləyib qararlı hala salmışam. Ətrafında dirəklər basdrıb çəpər çəkmişəm. Keçən 15 il ərzində həmin sahədə meyvə ağacları, mal-qaram üçün yonca, taxıl əkmişəm.Kənddə dolanışıq çətin olduğu üçün 4-5 ailəyə də sahə ayırmışdım ki, öz heyvanları üçün yem əksinlər. Başqa həmkəndlilərimə də ot, saman vermişəm. Çətinliklə də olsa qənaətlə 7-8 baş mal-qara, 40 başa qədər qoyun alıb artırmışdım. 3 ədəd traktor, 2 ədəd lafet, otbiçən, ot presləyən maşınlar almışdım.
Torpağın münbitliyini artırmaq məqsədilə üzvi və mineral gübrə alıb sahəyə səpmişdim. Həmin sahəni özəlləşdimək məqsədilə müvafiq təşkilatlara müraciət etsəm də müxtəlif bəhanələrlə məsələni uzadırdılar”,-deyə kənd sakini Ələmdar Allahverdiyev bildirib.
O iddia edib ki, Zakir Fərəcov Abşeron rayonuna icra başçısı təyin olunandan sonra rayondakı əkinə yararlı sahələr dağıdılmağa başlanıb: “Payız idi, torpağa səpdiyim taxıl 5-6 sm cücərmişdi. Bir gün gördüm ki, əkin sahəsini bölməyə başlamaq üçün traktor göndəriblər. Gələnləri başa salmağa çalışdım ki, bu sahə mənimdir, taxıl əkmişəm, hüquqi sənədlərim var, xərc çəkmişəm. Onlar da, kənd bələdiyyə sədri də dedilər ki, Z.Fərəcov göstəriş verib, bu ərazi ev altında satılmalıdır. Mənə qulaq asmadılar.
Sahədəki taxıl, yoncanı, 50-yə qədər meyvə ağaclarını məhv etdilər. Mən, bütün ailə üzvlərim şoka düşmüşdük, təsərrüfatımız dağılmış, məhv edilmişdi. Yemsizlikdən bir neçə baş mal-qaramız qoyun öldü. Qalanlarını dəyər dəyməzinə satdım.
Əsəb gərginliyindən mən və həyat yoldaşım xəstəlik tapdıq. Olan olmaz əmlakımızı satıb müalicəyə sərf etdik. Hələ indiyə kimi müalicə alırıq. Övladlarım o vaxtdan işsiz qalıblar. Böyük maddi çətinlik keçiririk, pensiyamız gücə yeməyimizə çatır”.
Ələmdar Allahverdiyev bildirib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə onun iddiasını təmin etməyib.
“Mənə qarşı edilən özbaşınalıqla Torpaq Məcəlləsinin 70-ci maddəsinin 2-ci, 3-cü və 8-ci bəndlərinin, 72-ci məddəsinin və digər qanunların, eləcə də sizin aqrar sahənin inkişafına kömək barədə verdiyiniz tapşırıqların tələbi kobud surətdə pozulub. Nəticədə bizim ailəyə 50 min manata kimi maddi zərər, ondan da çox mənəvi ziyan vurulub”,-deyə Ələmdar Allahverdiyev bildirib.









