Türkiyədə noyabrın 1-dən 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdə hesab yaratmasına və platformalardan istifadəsinə qadağa qüvvəyə minib.
Tribuna.az xəbər verir ki, bu barədə “İctimai Xəbərlər Xidməti” məlumat yayıb.
Yeni qaydalar istifadəçilərin yaşının yoxlanılmasını, 15-18 yaş arası yeniyetmələr üçün isə əlavə məhdudiyyətləri nəzərdə tutur.
Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaşın daha əvvəl verdiyi məlumata görə, mövcud hesabların sahiblərinin yaşının yoxlanılması prosesi 2027-ci il martın 31-dək davam edəcək. Keçid dövründə sosial şəbəkə platformaları müəyyən edilmiş yaş həddinə çatmayan istifadəçilərin hesablarını mərhələli şəkildə bağlamalıdır.
Yeni qaydalara əsasən, sosial şəbəkələrə daxil olmaq üçün istifadəçilər dövlətin e-Devlet elektron xidmət sistemi vasitəsilə şəxsiyyətlərini təsdiqləməlidirlər. Yoxlamadan sonra istifadəçiyə yaş məlumatını əks etdirən rəqəmsal identifikasiya tokeni təqdim olunacaq.
15 yaşdan kiçik şəxslər platformalara giriş əldə edə bilməyəcəklər. 15-18 yaş arası yeniyetmələr isə yalnız dostları ilə yazışa biləcək, canlı yayımlar aça və böyüklər üçün nəzərdə tutulan reklamları nümayiş etdirə bilməyəcəklər.
Yeni tələblərin pozulmasına görə həm sosial şəbəkə platformalarına, həm də yaş məhdudiyyətlərini aşmaq məqsədilə hesab yaradan şəxslərə qarşı sanksiyalar nəzərdə tutulub









