Qış aylarının gəlişi ilə evlərdə turşuya olan tələbat nəzərəçarpacaq dərəcədə artır. Xüsusilə kələm, xiyar və müxtəlif tərəvəz turşuları bu mövsümdə süfrələrin əvəzolunmazına çevrilir. Lakin bazarlarda satılan bütün turşular təbii üsullarla hazırlanmayıb. Bəzi satıcılar məhsula süni rəng verən boyalar qataraq turşunun təbii görüntüsünü saxtalaşdırır ki, bu da istehlakçı sağlamlığı üçün ciddi risklər yarada bilər.
Məsələ ilə bağlı Tribuna.az-a verən qida mütəxəsisi-ekspert Ağa Salamov bildirib ki, kələm turşusunun qida boyası ilə boyanması ilk növbədə yolverilməzdir.
Mütəxəssisin sözlərinə görə, karmoazin E122 kodu ilə tanınan bir boya maddəsidir. Və bir çox boya maddələri var ki, içkilərə, rəngli konfetlərə, şirniyyatlara əlavə olunur və bu normaldır. Amma doza həddini aşmaq olmaz. Lakin qida boyasının kələm turşusuna əlavə olunması yolverilməzdir. Çünki kələm turşusu duzlu suda fermentasiyadan keçmiş bir məhsuldur. Bu cür məhsullara həmin qida boyalarının əlavə olunması düzgün hesab olunmur. Bu qida təhlükəsizliyi qanunlarına ziddir. Eyni zamanda etiketləmə qanunlarına ziddir. Çünki biz baxırıq ki, bazarlarda üstüaçıq turşuların satılması bir yana, onlara qida boyası da əlavə edirlər. Düşünə bilərlər ki, problem yoxdur, çuğundur da vura bilərlər, xeyr. Əgər ağ kələm turşusu satırsa, ora çuğundur əlavə edirsə, yazmalıdır ki, “Çuğundurlu ağ kələm turşusu”. Istehlakçını aldadıb qırmızı kələm turşusu adı altında satmamalıdırlar.
Səbəbin maliyyədən qaynaqlandığını vurğulayan Ağa Salamov deyib:
“Çünki qırmızı kələmi alıb turşuya qoysalar, onun kilosu 1.50 AZN-dir. Amma ağ kələmin topdan satış qiyməti 30-40 qəpikdir. Görün, 3 dəfədən çox fərq var. Gədəbəy çuğundurunun kilosu isə 1 manatdır. Əgər rəng üçün çuğundur əlavə olunursa, kilolarla çuğundura ehtiyac olacaq. 100 kg kələmə 20-30 kg çuğundur əlavə olunmalıdır. Biri də var ki, bir xörək qaşığı qida boyası əlavə olunur. Burada həm istehlakçılar aldanır, həm də işbazlar cibini doldurur. Boya ilə kələmin rəngini 3 günə qırmızıya boyayırlar. Normal ağ kələmi çuğundurla rəngləndirmək üçün heç olmasa 20 gün vaxt lazımdır. İşbazlar doza həddini də bilmirlər.”
Sonda turşuya qatılan qida boyasının zərərlərinə toxunan ekspert əlavə edib:
“Həkimlərdən soruşsanız Daha yaxşı olar. Amma araşdırmalarıma görə deyə bilərəm ki, başağrısı, qara ciyər-böyrək yüklənməsi, allergik reaksiyalar, uşaqlarda hiperaktivlik və s. yaradır.”
Dəniz Pənahova










