Bakı-Tbilisi-Bakı sərnişin qatarı fəaliyyətə başladığı gündən sərnişinlər bilet əldə etməkdə çətinlik çəkir. Xüsusilə Gürcüstandan Azərbaycana qayıtmaq istəyən şəxslər bilet tapa bilmir. Həm kassalarda, həm də onlayn satış sistemində bilet tapılmadığı bildirilir.
Buna səbəb nədir? Niyə Tiflisə gedənlər Bakıya qayıtmaqda çətinlik çəkir?
Məsələ ilə bağlı Tribuna.az-ın sorğusuna Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, Gürcüstandan Azərbaycana gələnlərim sayı daha çox olduğu üçün belə problem yaşanır:
“ADY tərəfindən Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışı bütün sərnişinlər üçün bərabər şərtlərlə, vahid sistem üzərindən həm onlayn (ADY-nin rəsmi saytı və “ADY Mobile” mobil tətbiqi), həm də dəmiryol kassaları vasitəsilə aparılır.
Ümumiyyətlə, yüksək tələbat dövründə (mövsümi sıxlıq, bayram və qeyri-iş günləri) biletlərin tez satılıb tükənməsi sərnişin artımı və qatarlarda yer tutumu ilə bağlıdır.
Qatarla Azərbaycandan Gürcüstan istiqamətində səyahətlə müqayisədə Gürcüstandan Azərbaycan istiqamətində səyahətə tələbatın artmasının əsas səbəblərindən biri budur ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydalarına əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolu vasitəsilə tərk etməsinə məhdudiyyət yoxdur, lakin Azərbaycana giriş mövcud qaydaya uyğun olaraq təyyarə və qatarla həyata keçirilir. Bu vəziyyət Gürcüstandan Azərbaycana qayıtmaq və ya səfər etmək istəyən şəxslərin böyük hissəsinin dəmir yolu nəqliyyatına yönəlməsinə səbəb
olur”.
ADY-dən bildirilib ki, Bakı-Tbilisi-Bakı istiqaməti üzrə sərnişinlərin marağını nəzərə alaraq, müvafiq işlər görülür:
“Hazırda satış müddəti 30 gündən 51 günə qədər artırılıb. Bu proses mərhələli şəkildə 90 günə çatdırılacaq. Həmçinin marşrut üzrə qatarların tərkibinə 2 komfort və 5 standart+ sinif vaqon əlavə olunub. Bununla da vaqon-restoran nəzərə alınmadan sərnişin vaqonlarının sayı 6-dan 13-ə, sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb. Bu yerlərin 172-si standart+, 182-si isə komfort sinif vaqonların payına düşür. Yəni hazırda qatardakı yerlərin 92 faizi sərnişinlərə daha münasib qiymətə təklif edilir.
Hazırda Bakı-Tbilisi-Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik.
Bu marşrut üzrə əlavə reysin təşkili ilə bağlı işlər isə davam etdirilir. Əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqları başa çatdırması ilə əlaqədar zəruri texniki və əməliyyat işləri aparılır.
Ümumiyyətlə, beynəlxalq marşrutların təşkili yalnız tələbata deyil, həm də infrastruktur, sərhəd-keçid prosedurları, qatar parkı və iki ölkənin dəmir yolu administrasiyaları arasında koordinasiyaya bağlıdır. Bununla belə, mövcud imkanların artırılması istiqamətində iş aparılır”.
Nigar İxtiyarqızı









