“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, “T-Kredit” Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2026-cı il 29 sentyabr tarixli Qərarı ilə “T-Kredit” Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 28.07.2026-cı il tarixli, BKT-51 nömrəli lisenziya ləğv edilib.
Tribuna.az xəbər verir ki, Mərkəzi Bankdan Qaynarinfo-ya bildirilib ki, İdarə Heyətinin yuxarıda göstərilən Qərarı ilə, həmçinin Qanunun 25-ci maddəsinə əsasən, prudensial tələblərə riayət etməməklə Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim olunmasına görə “Fintrend” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 05.06.2014-cü il tarixli, BKT-24 nömrəli lisenziya ləğv edilib.
Qanuna əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Qeyd edək ki, “Bank BTB”nin hüquqi varisi — “T-Kredit” bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarı Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır.









