Silinən şəkilləri də üzə çıxarıb – Ana “Meta”nı belə ifşa etdi – Video

Silinən şəkilləri də üzə çıxarıb – Ana “Meta”nı belə ifşa etdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də bir ananın sosial mediada paylaşdığı video süni intellektin internetdə illər ərzində yayılan məlumatları bir araya gətirərək uşaqlar haqqında geniş məlumat əldə edə bildiyini nümayiş etdirib.

Tribuna.az  xəbər verir ki, Yuta ştatında yaşayan Kalie Robins qızlarından biri ilə avtomobildə mahnı oxuyarkən çəkdiyi videonu instaqramda paylaşıb.

Video daha sonra feysbukda da yayımlanıb. Robins videoya sonradan baxarkən paylaşımın altında “Meta AI” tərəfindən təklif olunan “Arxa oturacaqdakı uşaq kimdir?” sualını görüb.

Təklifə kliklədikdə süni intellekt videodakı qızın adını müəyyənləşdirib. Daha sonra digər qızının adını da təqdim edib.

Robinsin paylaşdığı ekran görüntülərinə görə, “Meta AI” illər ərzində ailə üzvlərinin sosial mediada etdiyi müxtəlif paylaşımlardan uşaqlar haqqında məlumatları bir araya gətirib.

Sistem ad günü paylaşımları və doğum elanlarından uşaqların yaşlarını müəyyənləşdirib. Həmçinin uşaqlardan birinin doğumundan sonra nənəsinin  feysbukda paylaşdığı foto və doğum məlumatlarından da istifadə etdiyi bildirilib.

Süni intellekt uşaqların yaşlarına əsaslanaraq onların hansı sinifdə oxuya biləcəyini də təxmin edib. Robins “Meta AI”nin qızlarının sevdiyi kitablar, çimərliklər və yürüş marşrutları kimi maraqları barədə də məlumat verdiyini bildirib.

Daha sonra sistem Robinsin harada yaşadığını soruşan sual təklif edib. Ana həmin suala kliklədikdə “Meta AI”nin əvvəlki paylaşımlara əsaslanaraq onun yaşayış yeri barədə məlumat toplamağa çalışdığı məlum olub.

“Yahoo Tech”in məlumatına görə, sistem Robinsin əvvəllər yaşadığı yerlərlə bağlı həm köhnə, həm də yeni paylaşımları nəticələrə daxil edib.

Robinsin diqqətini çəkən məqamlardan biri də illər əvvəl sosial mediadan sildiyini bildirdiyi ailə fotosunun “Meta AI” tərəfindən tapılması olub.

“Meta” isə bununla bağlı fərqli açıqlama verib. Şirkət fotonun illər əvvəl deyil, Robins videonu hazırlamazdan qısa müddət əvvəl silindiyini və texniki xəta səbəbindən müəyyən müddət görünməkdə davam etdiyini bildirib.

Hadisə ilə bağlı paylaşımını instaqramda yayımlayan Robinsin videosu qısa müddətdə yüz minlərlə baxış toplayıb və uşaqların rəqəmsal məxfiliyi ilə bağlı müzakirələrə səbəb olub.

Hadisədən sonra “Meta” süni intellekt sistemində dəyişiklik etdiyini açıqlayıb.

Şirkət bildirib ki, funksiya istifadəçilərə paylaşım və maraqlandıqları mövzular haqqında əlavə məlumat əldə etməyə kömək etmək üçün hazırlanıb. “Meta”nın açıqlamasına görə, süni intellektin cavabları sualı verən şəxsin onsuz da əldə edə bildiyi məlumatlara əsaslanır və istifadəçi hər hansı paylaşımı görə bilmirsə, “Meta AI” də həmin paylaşımı cavabında göstərməməlidir.

Şirkət Robinsin qarşılaşdığı sualların uyğun olmadığını etiraf edib. “Meta” sözçüsü bildirib ki, uşaqlar və ailə üzvləri ilə bağlı bu xarakterli şəxsi sualların irəli sürülməsi “uyğunsuz” olub və problem artıq aradan qaldırılıb.