Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan etməsindən sonra ölkəni tərk edən rusiyalılar vizasız girə biləcəkləri ölkələrə üz tutur. Həmin ölkələrdən biri də Azərbaycandır ki, deyilənin təsdiqini Heydər Əliyev aeroportunda artan “qonaq” sayında görmək olar. Səfərbərlik müharibənin gedişatına necə təsir göstərəcək?
Həqiqətənmi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dediyi kimi yalnız 300 min nəfər səfərbərliyə cəlb olunacaq?
Məsələ ilə bağlı TİA. Az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, Səfərbərlik elan edilməsini federasiya vətəndaşları birmənalı qarşılamayıb:
” Bəziləri bu müharibədə dövlətin siyasətini dəstəkləyir, digər tərəf isə müharibənin doğru olmadığını deyir. Ortada isə bir reallıq var. O reallıq bundan ibarətdir ki, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün Ukrayna ərazisində qərbə qarşı hərbi əməliyyatlar aparmaq məcburiyyətindədir. Proseslərin gedişatı ondan xəbər verir ki, müharibənin formatı artıq dəyişib. Dünənə qədər yalnız mövcud olan imkanlar sayəsində hərbi əməliyyatlar aparılırdısa, bu gün artıq əməliyyatlar kütləvi şəkil alacaq, şəxsi heyətin sayı artırılacaqsa, müharibədə iştirak edən qüvvənin sayı artacaq. İlkin olaraq 300 min deyilir, amma mən düşünürəm ki, səfərbərliyə cəlb olunanların sayı yarım milyonu keçəcək. Bəlkə də bir milyona yaxın Rusiya vətəndaşı bu səfərbərliklə orduya çağırılsın. Bununla da döyüşlərin miqyası artacaq. Rusiya artıq israrlı olduğunu açıq şəkildə göstərir. Ukrayna ərazisində daha böyük ərazilərin nəzarətə götürülməsində maraqlıdır. Ümumiyyətlə, proseslərin bundan sonra necə davam edəcəyini birmənalı şəkildə proqnozlaşdırmaq mümkün deyil. Qarşıda Rusiyanı çox böyük hərbi əməliyyatlar gözləyir. Yəqin ki, üzü qışa doğru Rusiya hərbi əməliyyatların miqyasını artıracaq”.
Aytac
TİA. Az









