Prezident İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi haqqında əsasnaməni təsdiqləyib.
Tribuna.az xəbər verir ki, bu Əsasnamə “Rəqəmsal rabitə” informasiya sisteminin (RRİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
RRİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində (bundan sonra – müvafiq sahə) tənzimləmə və nəzarətin, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları ilə, yerli özünüidarəetmə orqanları (bundan sonra – qurumlar) ilə, digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmçinin RRİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
RRİS-in formalaşdırılmasının məqsədi müvafiq sahədə dövlət idarəetməsinin optimallaşdırılması, tənzimləmə və nəzarətin təkmilləşdirilməsi, müvafiq sahə üzrə təhlil aparılması, proqnoz və hesabatların hazırlanması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
RRİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
Fərdi məlumatların RRİS-də toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların RRİS-də toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun həyata keçirilir.
RRİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər qanunla qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir.
RRİS Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Fərdi məlumatlar haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında, Qaydalarda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.









