Bakı–Tiflis qatar xəttinin yenidən fəaliyyətə başlaması uzun müddətdir gözlənilən və region üçün əhəmiyyətli hadisədir. Bu marşrut yalnız nəqliyyat baxımından deyil, həm də iqtisadi, turizm və humanitar əlaqələrin genişlənməsi baxımından xüsusi önəm daşıyır. Mən də bu xəttin açılışını gözləyənlərdən biri olmuşam.
Bu sözləri Tribuna.az-a millət vəkili Razi Nurullayev 26 may tarixində açılacaq Bakı-Tiflis qatar səfərləri ilə bağlı danışarkən deyib.
Deputat bildirib ki, bilet satışları başladıqdan sonra bu imkandan istifadə etməyi və Tiflisə qatarla səfər etməyi planlaşdırır:
“Bu, həm rahat, həm də daha əlçatan bir səyahət alternatividir.
Hesab edirəm ki, Bakı–Tiflis qatar xəttinin açılması quru sərhədlərin mərhələli şəkildə açılması istiqamətində müsbət siqnal kimi qiymətləndirilə bilər.
Bu cür addımlar həm region ölkələri arasında əlaqələrin möhkəmlənməsinə, həm də insanların sərbəst hərəkət imkanlarının genişlənməsinə xidmət edir. Ümid edirəm ki, yaxın gələcəkdə quru sərhədlərin tam açılması ilə bağlı daha geniş qərarlar da qəbul olunacaq”.
Nigar İxtiyarqızı









