Piyada gəzməyin düşündüyünüzdən daha böyük faydası var

Piyada gəzməyin düşündüyünüzdən daha böyük faydası var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, müntəzəm piyada gəzmək sadə və əlçatan fiziki fəaliyyət olmaqla yanaşı, orqanizm üçün bir sıra faydalar verə bilər.

Gündə ən azı 30 dəqiqə gəzmək ürək-damar sağlamlığını dəstəkləyə, qan dövranını yaxşılaşdıra və qan təzyiqinin azalmasına kömək edə bilər.

Yürüş zamanı xüsusilə ayaq, omba və bədənin mərkəz hissəsindəki əzələlər işləyir. Müntəzəm hərəkət əzələ dözümlülüyünün və fiziki gücün artmasına da şərait yarada bilər. Ağırlıqdaşıyan fəaliyyət olduğu üçün gəzmək sümük sağlamlığının qorunmasına da müsbət təsir göstərə bilər.

Gəzintinin təsiri yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Müntəzəm yürüş stressin azalmasına, əhvalın yaxşılaşmasına və yuxu keyfiyyətinin artmasına kömək edə bilər. Fiziki aktivliyin idrak funksiyaları ilə də əlaqəli olduğu, hərəkətin yaşla bağlı zehni geriləmənin qarşısının alınmasına dəstək verə biləcəyi bildirilir.

Arıqlamaq istəyənlər üçün də yürüş faydalı fəaliyyətlərdən biridir. Yandırılan kalori insanın çəkisindən, yürüşün sürətindən və digər amillərdən asılı olaraq dəyişir. Habertürkdəki hesablamaya görə, 77 kiloqram çəkisi olan insan orta sürətlə bir saat gəzdikdə təxminən 324, sürətli tempdə isə 371 kalori sərf edə bilər.

30 dəqiqə fasiləsiz gəzmək çətindirsə, bu müddəti gün ərzində üç dəfə 10 dəqiqəyə bölmək mümkündür. Əsas məsələ gündəlik hərəkəti artırmaq və bunu davamlı vərdişə çevirməkdir.

İmran Kərimli