Azərbaycan əsgərinin işi üzrə ibtidai istintaq başa çatıb və iş ittiham aktı ilə nəzarətçi prokurora göndərilib.
Erməni tərəfi hərbçi Nəsimi Musayevin Sünik rayonunun Sisian icmasının Şəki qəsəbəsinin 6-cı küçəsindəki 20 nömrəli evə qanunsuz olaraq girdiyini və aşkar edildikdən sonra silahdan atəş açdığını bildirib. Atışma nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb.
Tribuna.az-a açıqlama danışan hüquq müdafiəçisi Xəzər Teyyublu hərbçimizin məhkəməsinin başlayacağını bildirib. Onun sözlərinə görə, Musayev məhkəmənin qərarından bir müddət sonra Azərbaycana qaytarıla bilər: “Paşinyan da deyib ki, hərbçi Ermənistanda çox saxlanmayacaq. Məncə, Musayev bu ilin sonuna qədər təhvil verilə bilər. Onun barəsində aparılan istintaqın obyektivliyinə böyük şübhə var. Amma İstintaq Komitəsinin sədri təsdiqləyib ki, hərbçinin öldürmək məqsədi olmayıb. Bu etiraf göstərir ki, erməni tərəfi işi ağırlaşdırmaq istəmir və biz də məsələnin sırf həmin hissəsinə pozitiv yanaşmalıyıq. Ümid edək ki, iki ölkənin danışıqlarından sonra hərbçimiz vətənə qaytarılacaq”.
Həsən Ağa









