Bildiyimiz kimi, hazırda bir çox ali təhsil müəsisəsində tələbələr “TələbəPlus” kartlarından istifadə edirlər və bu kartlar vasitəsilə onlar bəzi güzəştlər də əldə edirlər.
Ancaq layihə hələki, bütün universitetləri və ümumiyyətlə, heç bir peşə və kollec tələbələrini əhatə etmir.
Bəs peşə və kollec tələbələri də bu güzəştli kartlardan yararlana biləcəklərmi?
Tribuna.az xəbər verir ki, bizim.Media mövzuyla bağlı Təhsilin İnkişafı Fonduna sorğu ünvanlayıb. Fondun mətbuat katibi Könül Abdulrəşidova sorğumuza cavab olaraq bildirib ki, 28 ali təhsil müəssisəsində təhsil alan 200 mindən çox tələbə TələbəPlus kartının istifadəçisidir.
O bildirib ki, peşə və kollec tələbələrinə də bu kartların təqdim edilməsi müzakirə edilir:
“Bu kartın əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda digər universitetlər, eləcə də peşə təhsil müəssisələri və kolleclərdə təhsil alan tələbələrin də layihəyə daxil edilməsi imkanları ilə bağlı aidiyyəti qurumlarla müzakirələr aparılır. Bu istiqamətdə texniki və tətbiq mexanizmi ilə bağlı məsələlər nəzərdən keçirilir. Hədəf qrupun xüsusiyyətləri nəzərə alınmaqla, uyğun həllərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Məqsəd bütün proseslərin qanunvericiliyə uyğun, təhlükəsiz və rahat şəkildə təşkil edilməsidir. Bu səbəbdən hazırda müxtəlif yanaşmalar üzərində iş aparılır və uyğun həllər müəyyən edildikdən sonra layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdən keçiriləcək”.









