Neft qiymətlərinin artması bazarda birbaşa ucuzlaşmaya səbəb olmayacaq. Lakin bu, dövlətin maliyyə imkanlarını genişləndirə bilər.
Bu sözləri Tribuna.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, neftin bahalaşması ilk növbədə büdcə gəlirlərinə müsbət təsir edir:
“Neft qiymətlərinin artması bazarda hər hansı bir ucuzlaşma yaratmır. Sadəcə olaraq, müəyyən xərclərin sabit saxlanmasına, milli valyutanın dayanıqlığının qorunmasına, dotasiya və subsidiyaların məbləğinin artırılmasına şərait yarada bilər.
Eyni zamanda, sosial-iqtisadi xərclərə büdcədən daha çox vəsait ayrılması mümkün olur”.
İqtisadçı bildirib ki, bu hal vətəndaşların üzərinə düşən maliyyə yükünün müəyyən qədər azalmasına səbəb ola bilər:
“Başqa sözlə desək, vətəndaşın üzərinə düşən yük nisbətən azala bilər. Məlumdur ki, hər il vergi, cərimə və rüsumların məbləği müəyyən qədər artır.
Bu da xüsusilə dar gəlirli şəxslər üçün əlavə maliyyə yükü yaradır”.
Günay Hüseynovanın sözlərinə görə, neft gəlirlərinin artması vergi və digər ödənişlərin tamamilə aradan qalxacağı anlamına gəlmir:
“Neft qiymətinin artması və büdcəyə əlavə vəsaitin daxil olması o demək deyil ki, vergi, cərimə və digər ödənişlər olmayacaq. Sadəcə, bu artımlar daha cüzi ola bilər.
Artan neft gəlirləri dövlətin investisiya imkanlarını genişləndirir. Bundan əlavə, neft gəlirlərinin artması xarici kapital yatırımlarına daha çox vəsait ayrılması, eləcə də qeyri-neft sektorunun inkişafına daha çox yatırım edilməsi deməkdir”.
Nigar İxtiyarqızı










