Bu il Elm və Təhsil Nazirliyinin fəaliyyətləri içərisində bəzilərini bəyənmədim. Xüsusilə də, bəzi fəaliyyətləri əvvəl çox gözəl səslənsə də, sonradan heç də arzuolunan səviyyədə olmadı.
Tribuna.az xəbər verir ki, bu sözləri təhsil eksperti Ramin Nurəliyev bildirib. O qeyd edib ki, narazılıq haradan və özünü doğrultmayan işlərdən biri elektron diplomların verilməsi olub:
“Elektron attestat və diplomların verilməsi prosesin daha da sürətlənməsini təmin edəcək deyə gözlənti özünü doğrultmadı.
Hər il iyun ayında verilən attestatlar bu il elektron formada avqust ayında verildi.
Özünü doğrultmayan fəaliyyətlərdən biri də Portal.edu.az platformasının perspektivliyi oldu.
Bu platformanın bir neçə istiqamətdə zamanla problem formalaşdırdığı müşahidə olundu. Xüsusilə də qəbul olunan abituriyentlərin platforma üzərindən qeydiyyatdan keçərkən tələb olunan sənədlərin istənilməməsi, ancaq bəzi universitetlərin bəzi sənədləri tələb etməsi vahid mərkəzi sistemin operativliyinə xələl gətirir.
Problem yaranan digər fəaliyyət həm də peşə təhsilinə qəbul prosesi oldu.
Bu il peşə təhsilinə tələbatın çox olması, müraciət sayının çoxluğu qürurvericidir. Ancaq seçim mərhələsi heç də sistemli aparılmadı. Qəbul olanların seçim meyarına təzad aparılması, boş qalan yerlərə müraciət edənlərin götürülməməsi kimi hallara rast gəlindi.
Özünü doğrultmayan digər fəaliyyətlərdən biri də təmayül sinifləri oldu.
Hesab edirəm ki, bu layihə də öz bəhrəsini verməyəcək”.
Gülşən Rəsul









