Fevral ayında “İdrak” liseyində 10-cu sinif şagirdinin öz müəllimini odlu silahla yaralaması və müəllimin şagirdi bu olaya görə bağışlaması cəmiyyətdə birmənalı qarşılanmadı. Bir çoxları hesab edir ki, şagirdin cəza almadan bağışlanması, bu məlumatın ictimiləşdirilməsi uşaqlarda cəzasızlıq təsəvvürü yaradacaq.
Tribuna.az xəbər verir ki, jurnalist Zahid Nurəliyevin fikrincə, belə bir əməl törətmiş şagirdin bağışlanması əks effekt yarada bilər:
“”İdrak”da güllələnən müəllim şagirdi bağışlayıb. Bağışlamaq yaxşı əməldi. Amma…Birincisi, bu məlumatı məktəblərdə qanlı olayların aktual olduğu indiki məqamda açıqlamaq nə dərəcədə düzgündür? Nəyə xidmət edir?
İkincisi, məhkəmə son qərarı verməmiş bunu açıqlamaq lazım idimi? Yoxsa bu nəbz yoxlanışıdır?
Üçüncüsü, bu məlumat cəmiyyətdə, valideynlərdə, o ağıl və düşüncədə olan şagirdlərdə hansı effektə, hansı qənaətə səbəb olacaq?
Yəni belə hadisə törədib bağışlanmaq olar, eləmi?”.
Aparıcı Emin Əfəndi də bu qənaətdədir ki, belə məlumat yayılmamalı idi:
““İdrak” liseyində baş verən hadisədə müəllimin şagirdi bağışlaması onun öz işidir. Amma bunu KİV-də yaymaq düzgün deyil. Çünki sabah uşaqlarda elə təsəvvür yarana bilər ki, hər şey cəzasız qala bilər. Siz bunu həqiqətən anlamırsınız?”.
Mövzu ilə bağlı Tribuna.az-a danışan təhsil eksperti Ramin Nurəliyev isə bildirib ki, müəllimin şagirdi bağışlaması onu cəmiyyətə yenudən qazandıra bilər:
“Məktəbli əməlindən peşman ola bilər. Bu bağışlanma onu cəmiyyətə qaytaracaq. Müəllim böyüklük edib. Onu bağışlamasaydı, o bu əməlinə görə həbs olunsa və ya təcrid olunsaydı cəmiyyətdən, bu bəlkə də daha pis olardı. Bu addım onun həhvini anlamasına, bu səhvi yenidən təkrar etməməsinə səbəb olacaq”.
Ekspert həmçinin əlavə edib ki, bu bağışlanmadan sonra şagird müəyyən yaramazlıqlarını davam edərsə, daha ciddi addımlar atılmalıdır:
“Mərhəmətdən maraz doğar deyimi var. Təbii ki, şagird bu bağılanmadan istifadə edib, cəzasız qaldığını düşünərək pis əməllərinə davam edə bilər. Ona görə də belə məqamda uşağın psixologiyasının hansı vəziyyətdə olduğu diqqətdə saxlanılmalı, nəzarət gücləndirməlidir. Ancaq şagird əməlindən peşmandırsa, müəllimdən üzr istəyib, onun əlini öpüb, bağışlanmasını istəyibsə, müəllimənin atdığı addımı dəstəklənməlidir”.
Nigar İxtiyarqızı












