Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Rusiya əvəzinə digər bazarlara uğurla yönəldiyinin heç bir əlamətini görmür.
“Görünür, yox. Əlbəttə ki, onlar kiçik bir yardım alıblar, amma bu, Rusiyanın onlar üçün təmsil etdiyi böyük və tanış bazarla müqayisədə heç nədir. Biz də bu məhsullara öyrəşmişik”, – deyə Overçuk Pavel Zarubinlə müsahibəsində Ermənistanın təchizatlarını başqa istiqamətlərə yönləndirmək cəhdlərinin nəticələri ilə bağlı sualı cavablandırarkən bildirib.
Tribuna.az-a danışan professor Qabil Hüseynli bildirib ki, məqsəd Rusiyanı əvəzləmək yox, Ermənistanı ondan uzaqlaşdırmaqdır. Onun sözlərinə görə, indi bu yardım böyük deyil və Rusiyanın yoxluğunu kompensasiya etməyə bilər, lakin strateji hədəf var, gələcəyə hesablanıb: “Rusiya hələ də təsəlli axtarır və Overçuk deyir ki, yardım azdır. Əlbəttə ki, yardım böyük sayıla bilməz. Axı, bu rəqabətdə məqsəd daha böyük vəsait ayırmaq deyil. Əgər zərurət varsa, onsuz da yardım artırılacaq. Sadəcə, bu qarşıdurmada, gələcək niyyət Ermənistanın Rusiyadan asılılığını getdikcə azaltmaqdır”.
Qabil Hüseynli Moskvanın arqumentlərinin tükəndiyini müşahidə edir: “Rusiya Ermənistana ağalıq edə bilmir. Fakt da budur. Bəli, Ermənistan psevdomüstəqillik qazanıb. Hələ indi demokratiyanı və iqtisadiyyatı inkişaf etdirməyə çalışır. Bu da təəccüblü deyil. Çünki vassal ölkə boyunduruqdan çıxır və asan proses deyil, yəni ətin sümükdən ayrılması kimidir. Əlbəttə ki, ağrılı proses olacaq. Belə desək, Paşinyan xəstə orqanizmi müalicə və reabilitasiya edir”.
Gülşən Rəsul










