Ərdoğanın Əliyevə KRİTİK zəngi – gərginlik bitdimi?

Ərdoğanın Əliyevə KRİTİK zəngi – gərginlik bitdimi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.

Tribuna.az-a danışan siyasi ekspert Ramiyə Məmmədova bildirib ki, bu zəng gərginliyə son qoya bilər. Onun fikrincə, belə təmaslar regional siyasətdə mühüm rol oynaya bilər: “Ancaq telefon danışığının özü böhranın tam həll olunduğunu göstərmir. Azərbaycanda məktəbli geyimi ilə bağlı qaydalar Türkiyədə bəzi siyasi dairələrin tənqidinə səbəb olub. Bakı isə bu məsələyə Azərbaycanın daxili işi kimi yanaşır.
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası Türkiyədə Prezident Ərdoğanın müşaviri Oktay Saralın və bəzi siyasətçilərin açıqlamalarını daxili işlərə müdaxilə kimi qiymətləndirib.
İctimai bəyanatlar sərtləşəndə liderlərin birbaşa danışması anlaşılmazlıqları azaltmağa və tərəflərin mövqelərini dəqiqləşdirməyə imkan verir.
İkincisi, münasibətlərin strateji əhəmiyyəti təsdiqlənir. Ankara və Bakı arasındakı əməkdaşlıq təkcə siyasi münasibətlərdən ibarət deyil. Təhlükəsizlik, enerji, nəqliyyat və regional maraqlar da bu əlaqələrin mühüm hissəsidir. Buna görə də mübahisənin nəzarətdən çıxması hər iki tərəf üçün əlavə siyasi xərclər yarada bilər.

Üçüncüsü, sammitə dəvət dialoqun davam etdirilməsi üçün fürsətdir. Əgər liderlər Ankarada görüşüb fikir ayrılıqlarını konkret şəkildə müzakirə etsələr, telefon danışığı daha geniş siyasi anlaşmanın başlanğıcına çevrilə bilər”.

Ekspert qeyd edib ki, diplomatik yumşalma gözlənilir: ” Tərəflər ictimai ritorikanı sakitləşdirir, qarşılıqlı ittihamların qarşısını alır və mübahisəli məsələləri rəsmi kanallarda müzakirə edirlər. Bu halda münasibətlərdə normallaşma başlaya bilər. Amma onu da nəzərə alaq ki, liderlər strateji tərəfdaşlıq barədə müsbət mesajlar verə bilər, hicab, dünyəvilik, daxili işlərə müdaxilə və informasiya kampaniyaları ilə bağlı fikir ayrılıqları isə qala bilər. Belə halda açıq gərginlik azalsa da, problem həll olunmur”.

Həsən Ağa