Azərbaycan Respublikasının Milli Məclisi növbəti tenderini yekunlaşdırıb.
Tribuna.az xəbər verir ki, həmin tenderə əsasən parlament xüsusi hazırlanmış mebel alacaq.
Belə ki, xüsusi sifarişlə mebellərin hazırlanaraq quraşdırılması və bir sıra mebel inventarların təmiri xidmətinin satın alınmasını ehtiva edən müsabiqənin icrasına start da verilib. Məlumatda qeyd edilir ki, tenderin qalibi fiziki şəxs Zeynal Əliağa oğlu İbrahimovdur. O, Milli Məclis üçün 54 min 415 manatlıq xüsusi mebel hazırlayacaq.
Qısa araşdırma zamanı bəlli olub ki, Zeynal İbrahimov indiyə qədər bir çox tenderlərin qalibi olub. Onun ən bahalı tenderlərindən biri isə 2023-cü ilə təsadüf edib. Həmin vaxt sözügedən şəxs AYNA üçün 120 min manatlıq inventar alıaraq, təhvil verib.
Bəzi mənbələrdə qeyd edilir ki, adı çəkilən iş adamı Zaqatala İcra Hakimiyyəti başçısı Mübariz Əhmədzadənin yaxın adamlarından biridir. Hətta belə bir iddia da var ki, Zeynal İbrahimov elə Mübariz Əhmədzadənin himayəsi altında fəaliyyət göstərir və tendderləri udur. Bunu əsaslandırmaq üçün isə bu şəxsin Zaqataladdakı bütün kiçik və orta məbləğli tenderlərin qalibi olması göstərilir. Məsələn, 2019-2021-ci illərdə Zeynal İbrahimov Zaqatala İcra Hakimiyyətinin 11 tenderinin qalibi olub. Bu da Əhmədzadə ilə İbrahimovun əlaqəsinə dair şübhələrə yol açıb.
Tərəfləri dinləməyə və mövqelərini dərc etməyə hazırıq.
Fərda Uğur









