Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi”-VİDEO

Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayon sakini Rufullayev Oktay Əsəd oğlu tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədova ünvanlanyıb.

Tribuna.az xəbər verir ki, bu barədə Cənubunsəsi TV-nin rəhbəri Mərhəmət Lələyev tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Vətəndaşın müraciətində bildirilir ki, 21 may 2026-cı il tarixində Masallı Regional Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən yaşadığı evin qaz təchizatı dayandırılıb.

Şikayətçi qeyd edir ki, aidiyyəti quruma müraciət etdikdə ona 2024-cü ilə aid 357 manat məbləğində cərimə borcunun olduğu bildirilib. Lakin həmin dövrdən indiyədək bu barədə ona heç bir rəsmi bildiriş təqdim olunmayıb, aylıq ödəniş qəbzlərində də hər hansı borc göstərilməyib.

Oktay Rufullayevin sözlərinə görə, 2026-cı ildə yalnız SMS vasitəsilə məlumat aldıqdan sonra məsələ ilə bağlı idarəyə yaxınlaşıb. O, cərimənin hüquqi əsaslarını əks etdirən sənədləri tələb etsə də, ona heç bir rəsmi sənəd təqdim edilməyib. Daha sonra “ASAN Xidmət”ə müraciət edən vətəndaşa sistemdə adına hər hansı cərimənin görünmədiyi bildirilib.

Şikayətdə həmçinin qeyd olunur ki, 2024-cü ilin sentyabr ayında evin yaxınlığında baş vermiş hadisə nəticəsində qaz sayğacına zərər dəyib. Bununla bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Hadisə yerinə gələn əməkdaşlar tərəfindən sayğac dəyişdirilib, polis arayışı təqdim olunub və sayğacın dəyəri olaraq 93 manat ödəniş edilib. Şikayətçi bildirir ki, həmin vaxt ona əlavə cərimə tətbiq olunmayacağı deyilib.

Buna baxmayaraq, vətəndaş iddia edir ki, 21 may 2026-cı ildə Masallı qaz sahəsinin əməkdaşları İlham İmanov və Sənan adlı işçi tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən evin qaz təchizatı dayandırılıb. O, həmçinin əməkdaşların vətəndaşla kobud rəftar etdiyini də bildirib.

Rufullayev Oktay Əsəd oğlu məsələ ilə bağlı aidiyyəti qurumlardan araşdırma aparılmasını, 357 manatlıq cərimənin hüquqi əsaslarının təqdim edilməsini, qazın dayandırılmasına hüquqi qiymət verilməsini və vətəndaşla kobud davranan əməkdaşlar barədə tədbir görülməsini xahiş edir.

Qeyd edək ki, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Sənan Məmmədli