İki keçmiş SSRİ dövləti savaş həddində – Dronlar paytaxt üzərində

İki keçmiş SSRİ dövləti savaş həddində – Dronlar paytaxt üzərində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moldova ilə Rusiya arasında münasibətlər yenidən kəskinləşib.
Tribuna.az xəbər verir ki, Rusiyanın hərbi mövcudluğunu saxladığı separatçı Dnestryanı bölgəsi istiqamətində pilotsuz uçuş aparatlarının hərəkəti və paytaxt Kişinyov üzərində dronun görünməsi ölkədə ciddi təhlükəsizlik tədbirlərinə səbəb olub.
Reuters agentliyinin və Moldovanın Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 17-də ölkənin hava məkanı bir neçə pilotsuz uçuş aparatı tərəfindən pozulub.
Moldova Müdafiə Nazirliyinin açıqlamasına görə, saat 15:49-da “Geran-2” tipli dron Ukraynanın Odessa vilayəti istiqamətindən ölkənin hava məkanına daxil olaraq separatçı Dnestryanı bölgəsinin inzibati mərkəzi Tiraspol istiqamətində hərəkət edib. Aparat daha sonra Ukrayna istiqamətinə qayıdıb, saat 16:02-də isə Moldova hava məkanını yenidən pozub.
Bundan sonra “Şahed” tipli başqa bir pilotsuz uçuş aparatı Kişinyovun Botanika rayonu istiqamətində müşahidə edilib. Təhlükəsizlik məqsədilə saat 16:27-də ölkənin bütün hava məkanına müvəqqəti məhdudiyyət qoyulub. Saat 17:03-də mərkəzi hava məkanı mülki aviasiya üçün yenidən açılıb.
Moldova Müdafiə Nazirliyinin son məlumatına əsasən, gün ərzində ölkə üzərində ümumilikdə yeddi pilotsuz uçuş aparatı aşkarlanıb. Onlardan beşinin yerə düşdüyü, altıncı aparatın mümkün düşmə yerinin araşdırıldığı, daha birinin isə sərhəd yaxınlığında radarlardan itdiyi bildirilib.
Prezident Maya Sandu hadisəni Rusiyanın Moldova suverenliyinə qarşı növbəti müdaxiləsi kimi qiymətləndirib. O, Moskva əleyhinə əlavə sanksiyaların tətbiqinə çalışacaqlarını, Ukraynaya dəstəyi davam etdirəcəklərini və beynəlxalq tərəfdaşlarla müdafiə imkanlarını gücləndirəcəklərini açıqlayıb.
Sandu həmçinin Moldovanın pilotsuz uçuş aparatlarından müdafiə üçün kifayət qədər hərbi imkanlara malik olmadığını etiraf edib. Rusiya tərəfi isə dronların ona məxsus olduğuna dair sübut təqdim edilmədiyini bildirərək ittihamları rədd edib.
Dnestryanı bölgəsi 1990-cı illərin əvvəllərindən Moldovanın mərkəzi hakimiyyətinin nəzarətindən kənardadır.