Mediada yayılan və yazıçı Kamal Abdulla ilə bağlı müzakirələr cəmiyyətdə çox həssas bir mövzuya toxundu: qadının ailədə və cəmiyyətdə rolu məsələsinə. Sonradan həmin fikrin müəllif tərəfindən təkzib olunması və kontekstdən çıxarıldığının bildirilməsi onu göstərdi ki, bəzən bir cümlə geniş mənanı daşımaq əvəzinə, fərqli reaksiyalar yarada bilir. Bu səbəbdən belə məsələlərə emosional yox, daha dərin və obyektiv yanaşmağa ehtiyac var.
Mən düşünürəm ki, burada əsas məsələ qadının işləyib-işləməməsi deyil. Əsas məsələ qadının seçim haqqının, daxili rahatlığının qorunmasıdır. Çünki qadın təkcə iqtisadi sistemin bir hissəsi deyil, həm də ailənin emosional dayağı, övladın ilk müəllimi və cəmiyyətin formalaşdırıcı qüvvəsidir.
Bu sözləri Tribuna.az-a Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai bildirib. O qeyd edib ki, bu gün müasir Azərbaycan qadını çox ağır bir yük daşıyır:
“O həm ana olur, həm peşə sahibi olur, həm övlad böyüdür, həm ev qayğılarını daşıyır, həm də sosial həyatın içində qalmağa çalışır. Xüsusilə yeni ana olmuş qadınların bir çoxu hələ fiziki və psixoloji bərpa dövründə ikən iş və məişət məsuliyyətlərini eyni anda daşımağa məcbur qalır. Nəticədə yorğunluq, tükənmişlik, daxili çöküş və özünü itirmə hissi yaranır.
Bu gün bir çox qadın çalışmaq istədiyi üçün deyil, məcbur qaldığı üçün işləyir. Ailənin iqtisadi yükü, sosial şərtlər və həyatın ağırlaşan ritmi onu seçimdən çox zəruriyyət qarşısında qoyur. Halbuki ailənin iqtisadi durumu sabit və rahatdırsa, evində, ailəsində, övladında və hətta mətbəxində özünü xoşbəxt hiss edən qadının sırf maddi səbəblərdən istəmədiyi bir işdə çalışması, özünü yararsız, bitkin hiss etməsi doğru deyil. Çünki qadın yalnız işləyən bir mexanizmə çevrilməməlidir.
Həyatın bugünkü xaosu və daimi qaçaqaçı qadınlarımıza onların qadın olduğunu unutdurmamalıdır. Onlar yalnız öhdəlik daşıyan insanlar deyil; hiss edən, yorulan, ilhamlanan, sevgiyə və qayğıya ehtiyac duyan fərdlərdir. Qadın özünü tükənmiş yox, dəyərli hiss etməlidir.
Amma digər tərəfdən bunu da çox aydın deməliyik: qadının cəmiyyət həyatında, elm, təhsil, idarəetmə, yaradıcılıq, sahibkarlıq və digər sahələrdə iştirakını məhdudlaşdırmaq düşüncəsi ilə də razılaşmaq mümkün deyil. Tarix və bu günümüz göstərir ki, qadınlar çalışdıqları sahələrdə böyük uğurlar qazanır, yeni dəyərlər yaradır və cəmiyyətin inkişafına mühüm töhfə verirlər. Cəmiyyətin hər sahəsində qadın əməyinə, qadın düşüncəsinə və qadın baxışına ehtiyac var”.
S.Fədai əlavə edib ki, məsələ qadının evdə olması və ya iş həyatında olması arasında seçim etmək deyil:
“Məsələ odur ki, qadın özünü harada xoşbəxt, dəyərli və faydalı hiss edirsə, o seçimə hörmət edilməlidir. Çünki bir qadın övlad böyüdərək də cəmiyyətə xidmət edir, elmi fəaliyyətlə də, müəllim kimi də, sahibkar kimi də, sənətçi kimi də.
Biz qadınlardan hər şeyi eyni anda mükəmməl etməyi gözləyirik. Və bu, onu yorur. Qadının işləmək hüququ da müqəddəsdir, yorulmaq haqqı da, seçim haqqı da. Ən vacibi isə onun insan kimi özünü itirməməsidir”.
Nigar İxtiyarqızı









