Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücumla bağlı yeni detallar açıqlanıb.
Tribuna.az xəbər verir ki, Emniyet Genel Müdürlüğü (EGM) tərəfindən verilən məlumata görə, hücumu törədən İsa Aras Mersinlinin atası Uğur Mersinli həbs edilib.
Bildirilib ki, hadisə ilə bağlı aparılan ilkin araşdırmalar zamanı şübhəlinin “WhatsApp” profilində 2014-cü ildə ABŞ-də hücum həyata keçirən Elliot Rodger-ə istinad edən görüntüdən istifadə etdiyi müəyyən olunub.
Rəsmi açıqlamada qeyd edilib ki, hücumçunun atası U.M. aprelin 15-də saxlanılıb və daha sonra məhkəmənin qərarı ilə həbs olunub. Onun yaşadığı ünvanda və avtomobilində aparılan axtarışlar zamanı əldə edilən rəqəmsal materiallar götürülərək araşdırmaya cəlb edilib.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində aparılan baxış işlərinin tamamlandığı, o cümlədən kamera görüntüləri daxil olmaqla bütün sübutların diqqətlə araşdırıldığı bildirilib.
İlkin nəticələrə əsasən, hadisənin terror təşkilatları ilə əlaqəsi müəyyən edilməyib və insident fərdi hücum kimi qiymətləndirilir.
İmran Kərimli










