Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Daşqınlar nəticəsində yolları və yaşayış ərazilərini su basıb, bir sıra yerlərdə torpaq sürüşmələri baş verib. Təbii fəlakət nəticəsində 14 yaşlı uşaq elektrik cərəyanına məruz qalaraq həyatını itirib.
Tribuna.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Hadisə İstanbulun Fatih rayonunun Balat məhəlləsində yerləşən Çukurbostan parkında baş verib. Su gölməçəsinə düşən 14 yaşlı M.İ. elektrik cərəyanına məruz qalıb. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan uşaq həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma başladılıb.
İstanbul Valiliyinin məlumatına görə, oktyabrın 14-də saat 06:00-dan 20:00-dək Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) və 112 Təcili Çağrı Mərkəzinə ümumilikdə 2518 müraciət daxil olub. Onlardan 1277-si su basması, 808-i yaşayış evləri, 280-i isə iş yerləri ilə bağlı olub. Fəsadların aradan qaldırılması üçün 8 min əməkdaş, 2 min avtomobil və iş maşını cəlb edilib.
Güclü yağışlar səbəbindən İstanbulda oktyabrın 15-də məktəblərdə tədris bir günlük dayandırılıb. Həmçinin təhlükəsizlik məqsədilə motosikletlərin hərəkətinə qadağa qoyulub.
İstanbul valisi Davut Gül yağışların gecə saatlarında şəhər üzrə, oktyabrın 15-də isə xüsusilə Anadolu hissəsində təsirini davam etdirəcəyini bildirib. O, sakinləri zərurət olmadıqca çölə çıxmamağa, avtomobillə hərəkətdən çəkinməyə, su basması və torpaq sürüşməsi riski olan ərazilərdən uzaq durmağa çağırıb.
Qeyd edək ki, güclü leysan İstanbulda nəqliyyatın hərəkətində də ciddi problemlər yaradıb, avtomobillər su altında qalıb, bəzi ərazilərdə insanlar köməksiz vəziyyətdə qalıblar.
Gülşən Rəsul









