Son iki gündə İran rəsmiləri açıq mətnlə çevrə ölkələrini təhdid edir.
Tribuna.az xəbər verir ki, artıq deputatlar deyil, dini liderin nümayəndəsi, habelə ordu komandanı da bunu açıqca bəyanlayır.
İran parlamentinin deputatı Vəliullah Bayati bildirib ki, regional ölkələr Amerikanın oyununa qoşularsa, bu, onların təhlükəsizliyinə də təsir edəcək.
İran ali dini rəhbərin müşaviri Məhəmməd Moxber isə İrana uçuş qadağası qoymuş ölkələri hədələyib. “Əgər İran uçuş və hava limanı xidmətlərindən istifadə edə bilməyəcəksə, bölgədə heç bir ölkə də bu imkana malik olmayacaq”.
Lakin İran rəsmiləri bununla da dayanmayıb. Onlara ordu rəhbərliyi də qoşulub. Belə ki, İran ordusunun baş komandanı Əmir Hatəmi bəyan edib ki, İran üçün heç nə yoxdursa, başqaları üçün də olmayacaq. “Əgər İran ticarət edə və yaşaya bilməyəcəksə, onda heç kim nə ticarət edə, nə də yaşaya biləcək. Hörmüz boğazı — bizim ləyaqət və qürur boğazımızdır. İran xalqı bu imkandan məhrum olduğu bir vaxtda, ölkəmizin düşmənlərinin bu ən mühüm logistika qovşağından istifadə etməsinə icazə verilməyəcək”.
Fərda Uğur









