“EatingWell” nəşrinin məlumatına görə, Kembric Universiteti və “Reading Room” təşkilatının alimləri zövq üçün mütaliənin beyin sağlamlığına təsirini araşdırıblar.
Tribuna.az xəbər verir ki, tədqiqatda insanların iş və ya təhsil üçün deyil, öz istəyi ilə kitab oxumasının stressi azaltmağa, əhval-ruhiyyəni yaxşılaşdırmağa və sosial əlaqələri gücləndirməyə kömək etdiyi müəyyənləşdirilib.
Araşdırma nəticələri “Psychological Medicine” jurnalında dərc olunub. Alimlər həmçinin mütaliənin yaş artdıqca koqnitiv funksiyaların zəifləməsi riskinin azalması ilə əlaqəli olduğunu bildiriblər.
Məlumata görə, 55 yaşdan yuxarı 5 400-dən çox koqnitiv cəhətdən sağlam insanın iştirak etdiyi araşdırmalardan birində mütəmadi kitab oxuyanların beş illik müşahidə müddətində koqnitiv pozuntularla qarşılaşma ehtimalı daha aşağı olub.
Mütəxəssislər xüsusilə oxumağın məcburiyyət deyil, zövq üçün həyata keçirilməsinin vacib olduğunu vurğulayırlar.
İmran Kərimli









