Hesab edirəm ki, gələcəkdə Bakı-Tiflis qatar bilet qiymətlərini yenidən nəzərdən keçirmək olar. Bütün vətəndaşlar üçün əlçatan olsun deyə qiymətlər aşağı salına bilər.
Bu sözləri Tribuna.az-a millət vəkili Fazil Mustafa Bakı-Tiflis sərnişin qatar biletlərinin qiymətlərinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, qiymətlərin nəyə əsasən belə müəyyənləşdirildiyi araşdırılmalıdır:
“Qatar biletlərinin qiyməti barədə bir söz deyə bilmərəm. Yəqin ki, bu məsafəyə, göstərilən xidmətə görə belə müəyyən edilib. Bu araşdırılmalıdır. Yəni hansı səbəbdən bu qiymətlərin müəyyən edildiyinin təbii ki, açıqlaması var.
Yəqin ki, buna rəhbərlik edən şəxslər ölçüb-biçib və daha sonra bu qərara gəliblər. İstənilən halda, bunu araşdırmadan bir söz demək olmaz.
Mən yolun açılmasının sevindirici hal olduğunu hesab edirəm. Ən azından imkanı çatan, getməli olanlar daha baha olan təyyarə ilə getməkdənsə, nisbətən münasib olan qatarla gedə biləcək.
Hesab edirəm ki, buna qiymət məsələsi üzərindən indekslənməkdənsə, yolun açılması məsələsinə sevinməliyik.
Gələcəkdə də hesab edirəm ki, qiymətləri yenidən nəzərdən keçirmək olar. Bütün vətəndaşlar üçün əlçatan olsun deyə qiymətlər aşağı salına bilər”.
Nigar İxtiyarqızı









