ETM dəftərxana malları satan şirkətdən 7.2 milyon manatlıq odun alır- ARAŞDIRMA

ETM dəftərxana malları satan şirkətdən 7.2 milyon manatlıq odun alır- ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi (ETM) daha bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, qurumun Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi orta məktəblərin qısızıdılması üçün bərk bioyanacaq-ağac peletinin və odun yanacağı satın alacaq.

Məlumatda bildirilir ki, nazirliyin tenderinin qalibi “SİMPLEX” QSC olub. ETM şirkətdən 7 milyon 260 min 319 manat dəyərində bioyanacaq və odun alacaq.

Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, ETM-lə “Simplex” şirkəti son bir ildə bir çox tenderlərdə anlaşma əldə ediblər. Öncəliklə bildirək ki, ötən ilin oktyabrında da eyni şirkət nazirlik üçün odun yanacağı alıb. Həmin vaxt  bu məsələyə sərf olunan vəsait isə 3 milyon 634 min 400 manat təşkil edib.

Amma “Somplex” QSC ETM üçün təkcə odun və digər yanacaqlar almayıb. Həmçinin bu ilin iyulun əvvəlində dəftərxana və təsərrüfat mallarının satın alınması prosesinə görə, nazirlikdən 18 milyon 827 min 186 manat ödəniş əldə edib.

Bundan başqa, iyulun 2-də nazirlik şirkətlə 9 milyon 766 min 609 manatlıq maşın və avadanlıqların satınalınması üzrə müqavilə imzalayıb. Eyni zamanda, “Simplex” sağlamlıq imkanları məhdud şəxslər üçün inkluziv təhsilin inkişafı üzrə bir sıra malların satın alınması prosesini də həyata keçirib. İyunun 16-da baş tutan tenderə əsasən Elm və Təhsil Nazirliyi QSC-yə 77 min 698 manat ödəniş edib.

Qeyd edək ki, “Simplex” şirkəti əsasən dəftarxana ləvazimatlarının satışı üzrə ixtisaslaşıb. Şirkət bunu rəsmi saytında açıq-aydın qeyd edib.  Maraqlıdır ki, dəftərxana ləvazimatları satan şirkət odun və bioyanacaq sektoruna necə nüfuz edib?

Nəzərinizə çatdıraq ki, “Simplex” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elmir Fətullayev Tofiq oğludur. Hüquqi ünvanı Az1022, Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, Ev 102a Sity Point ünvanında yerləşir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur