AFFA 3 federasiyanı ləğv etdi, yeni rəhbər bilindi (FOTO)

AFFA 3 federasiyanı ləğv etdi, yeni rəhbər bilindi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA daxilində fəaliyyət göstərən 3 federasiya ləğv edilib.

Tribuna.az  Prosport.az-a istinadən xəbər verir ki, bunlar Azərbaycan Futzal Federasiyası, Azərbaycan Çimərlik Futbol Federasiyası və Azərbaycan Əlillər Futbolu Federasiyasıdır.

Onların hamısı bir departamentdə birləşdirilib. Bu vəzifəyə isə Fərid Babayev təyin olunub.

Fərid Babayev kimdir? O, may ayından AFFA-da çalışmağa başlayıb. May-iyun aylarında AFFA-da Kommersiya işləri üzrə menecer vəzifəsində çalışıb.

AFFA-ya gələnədək isə 2009-2020-ci illərdə Yaponiyanın tütün şirkətində merkandayzer olub, supervayzer və satış üzrə təlimçi vəzifələrində işləyib. Həmçinin, 2021-2022-ci illərdə “Baku Gold Trade”də direktor, 2022-2023-cü illərdə “Loto Marketing and Consulting” MMC-də supervayzer və 2023-2026-cı illərdə “Fortuna Trade” MMC-də baş direktor vəzifələrində çalışıb. Onun çalışdığı son şirkət avtomobil sürtkü yağları və filtrlərinin satışı ilə məşğul olub.

Məlumata görə, Fərid Babayev ləğv edilən federasiyaların prezidentləri ilə görüşüb, onlardan halallıq da alıb.

Köhnə Futzal Federasiyasından yeni yaradılan departamentdə yalnız Fərrux Hüseynzadə təmsil olunacaq. Fərrux Hüseynzadə 2019-cu ildən federasiyada menecer və futzal millisində baş inzibatçıdır. O daha əvvəl bu federasiyada koordinator (2018-2019) və “Səbail” Akademiyasının baş meneceri (2019) vəzifələrində çalışıb.

Həmçinin, Çimərlik Futbol Federasiyasının meneceri, çimərlik futbolu millisinin inzibatçısı Rüfət Həsənov və 2020-ci ildən (ötən il təkrar seçilmişdi) Əlillər Futbolu Federasiyasının prezidenti olan Elşad İbrahimli yeni departamentdə fəaliyyətlərinə davam edəcək.

Qeyd edək ki, bu anadək Azərbaycan Futzal Federasiyasının prezidenti “Araz-Naxçıvan” klubunun sahibi, Naxçıvan Futbol Federasiyasının prezidenti, “Samaya Co” MMC adlı gəmiçilik şirkətinin rəhbəri Zaur Axundov olub. Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti isə 1994-cü ildən fəaliyyət göstərən “Novco” şirkətlər qrupunun rəhbəri, Türkiyənin məşhur “LC Waikiki” mağazasını ilk dəfə 1999-cu ildə Azərbaycana gətirmiş, 100-dən çox ölkədə olmuş səyyah-alpinist Fərid Novruzi idi. Hər iki şəxs 2008-ci ildən – AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun işlədiyi dövrdən bu federasiyalara rəhbərlik edirdi.