9 iyun dünyada dostluğun və səmimi münasibətlərin önəmini xatırladan xüsusi günlərdən biri – Beynəlxalq Dostlar Günü kimi qeyd olunur.
Dostluq bütün dövrlərdə və bütün xalqlar arasında ən böyük mənəvi və sosial dəyərlərdən biri hesab edilib. Buna görə də dünyanın müxtəlif ölkələrində dostlara həsr olunmuş bayramların olması təəccüblü deyil. Onlardan biri də hər il iyunun 9-da qeyd edilən Beynəlxalq Dostlar Günüdür.
Bu günün yaranma tarixi 1935-ci ilə gedib çıxır. Həmin il ABŞ Konqresi avqust ayının ilk bazar gününü Milli Dostluq Günü elan edib. Sonralar bu ənənə geniş yayılıb, bayram beynəlxalq xarakter alıb və dünyanın bir çox ölkəsində qeyd olunmağa başlayıb.
Qeyd edək ki, dostluğa həsr olunmuş yeganə bayram Beynəlxalq Dostlar Günü deyil. Dünyanın müxtəlif ölkələrində bu dəyərli münasibəti təşviq edən digər xüsusi günlər və tədbirlər də keçirilir. Belə ki, avqust ayının üçüncü bazar günü Qadın Dostluğu Günü, 30 iyul Beynəlxalq Dostluq Günü, may ayının üçüncü həftəsi Köhnə və Yeni Dostlar Həftəsi, fevral ayı isə Beynəlxalq Dostluq Ayı kimi qeyd olunur. Bu təşəbbüslərin məqsədi insanlar arasında dostluq əlaqələrini möhkəmləndirmək, qarşılıqlı hörmət və həmrəylik hisslərini gücləndirməkdir.
Beynəlxalq Dostlar Günündə insanlar dostları ilə vaxt keçirir, onlara sevgi və ehtiramlarını bildirir, hədiyyələr, güllər və təbrik kartları təqdim edirlər. Bəzi ölkələrdə isə dostluğun rəmzi kimi bir-birlərinə qolbaq hədiyyə etmək ənənəsi mövcuddur.
Alimlər dostluğun insan sağlamlığı üçün də böyük əhəmiyyət daşıdığını bildirirlər. Uzun illərdir ki, sağlam həyatın əsas şərtləri kimi idmanla məşğul olmaq və zərərli vərdişlərdən uzaq durmaq göstərilir. Lakin aparılan araşdırmalar dostluğun da uzunömürlülüyə təsir edən mühüm amillərdən biri olduğunu ortaya qoyub.
Mütəxəssislərin fikrincə, güclü dostluq əlaqələri insanın psixoloji vəziyyətini yaxşılaşdırır, stressi azaldır və həyat keyfiyyətini artırır. Başqa sözlə, yaxşı dostlar yalnız həyatı rəngləndirmir, həm də daha sağlam və uzun ömür sürməyə kömək edir.
Bu gün dostlarınıza zəng etmək, onlarla görüşmək və ya sadəcə xoş sözlər söyləmək üçün əla fürsətdir. Axı həqiqi dostluq həyatın ən qiymətli sərvətlərindən biridir.
İmran Kərimli









