«Матч состоится в любую погоду» (“Matç istənilən hava şəraitində keçiriləcək”)
Keçən yazımda Yanardağla Balaxanıya ekskursiyamızdan yazmışdım. Bu dəfə isə “Калейдоскоп талантов” (“İstedadlar kaleydoskopu”) layihəsi ilə birlikdə növbəti səyahətimiz Qobustan qayalarına və palçıq vulkanlarına oldu. Bu dəfəki bazar günü əvvəlkindən daha yağışlı olsa da, tur təxirə salınmadı.
Çünki Qobustan qoruğunu və palçıq vulkanlarını görmək istəyi daha güclü idi.
Bu məqamda ağla rus dilində məşhur bir ifadə gəldi. Necə deyərlər: «Матч состоится в любую погоду» (“Matç istənilən hava şəraitində keçiriləcək”).
Bu minvalla komfortlu mikroavtobusumuzla, peşəkar sürücümüz Tahirlə “Qara Qarayev”dən üz tutduq Qobustana.
Açığı, onu deyim ki, yağışlı havanı xoşlayıram və heç zaman sırf yağışa görə səfəri təxirə salmamışam. Uşaq vaxtı baxdığım, amma adını bilmədiyim bir Azərbaycan filmindəki səhnədə qəflətən güclü yağış başlayır və çimərlikdə hamı paltarını götürüb qaçır. Kinonun qəhrəmanı olan qız isə əksinə, dənizə çimməyə qaçır.
Bax, o kinodakı qız ruhən “mənim adamımdır”…
Səfər xoş təəssürat vəd edirdi. Həmin gün həm də 8 Noyabr – Zəfər Gününə təsadüf etdiyindən ikiqat sevindirici idi.
İlk üz tutduğumuz məkan Qobustan Milli Tarix-Bədii Qoruğu oldu.
Qobustan qoruğu Bakı şəhərindən təxminən 60-65 kilometr cənub-qərbdə, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yerləşir. Paytaxtdan avtomobillə buraya təxminən 1–1,5 saata çatmaq mümkündür.
Üç fərqli Qobustan: qəsəbə, kənd və rayon
Yolda peşəkar bələdçimiz Yelena Həsənova keçdiyimiz və qoruğun daxil olduğu Qaradağ rayonu haqqında maraqlı məlumat verdi.
Bakı şəhərinin ən böyük (sahəsi təxminən 1080 km²-dir) inzibati rayonu olan Qaradağ rayonu ölkənin mühüm sənaye, nəqliyyat və logistika mərkəzidir. Həm də Qaradağı, əsasən, Qobustana görə turistik yer də adlandırmaq olar.
Onu da deyim ki, Qobustan qəsəbəsi ilə Qobustan rayonunu qarışdırmayın. Qobustan qəsəbəsi Bakı şəhərinin Qaradağ rayonunun inzibati ərazisinə daxildir. Qobustan rayonu isə ayrıca inzibati rayondur və Bakıdan kənarda yerləşir, aralarında da xeyli məsafə var. Həmçinin, bizim ikinci üz tutduğumuz məkanın – Palçıq Vulkanları Turizm Kompleksinin yerləşdiyi Qobustan kəndi ilə Qobustan qəsəbəsi ayrı-ayrı məkanlardır. Qobustan kəndi Abşeron rayonunda yerləşir.
Aydınlıq üçün qeyd edim ki, Qaradağ rayonu coğrafi baxımdan Abşeron yarımadasına aid edilsə də, inzibati baxımdan Abşeron rayonuna daxil deyil.
Düzdür, bu informasiyaları əxz etmək mənim özümə də bir az çətin gəldi, amma əsas odur ki, sonda aydın olsun 🙂
Bildirim ki, “Kaleydoskop”la səyahət sadəcə tur, ekskursiya deyil, bu, həm də yaxşı kompaniya, mehriban atmosfer, xoş tanışlıqlar, həmişə kreativlik, peşəkarlıq, hədiyyələr, sürprizlərlə dolu hadisələr, ad günləri olanların təbrik edilməsi, maraqlı əyləncələr deməkdir.
“Калейдоскоп талантов” (“İstedadlar kaleydoskopu”) layihəsinin rəhbəri Səbinə xanımın səfər boyu nümayiş etdirdiyi pozitiv əhval-ruhiyyə və müsbət enerji iştirakçılara da sirayət edirdi.
Bu dəfə də istisna olmadı. “Yol boyu – həm gedərkən, həm də qayıdarkən – Yelena xanım suallarımızı ətraflı cavablandırır, müxtəlif mövzularda maraqlı məlumatlar paylaşırdı. Səbinə xanım isə psixologiya və astrologiyaya dair söhbətləri ilə səfərə əlavə rəng qatır, yolun daha maraqlı və yaddaqalan keçməsinə şərait yaradırdı
Avtobusda ad günləri yenicə qeyd olunan Ayxan və Murad təbrik edildi. Ayxan və Muradın anası Sevil xanım və bələdçimiz Yelena xanım əyləncəli oyun təşkil edərək səfərə xüsusi rəng qatdılar. Murad isə özünün qələmə aldığı “Qış” adlı şeiri səsləndirdi. Onun ifası iştirakçılar tərəfindən alqışlarla qarşılandı.
Yeri gəlmişkən, Muradla Ayxanı və Liliyanın gözəl balası Sofiyanı turun ən aktiv və kiçik olsalar da, ən intellektual üzvləri hesab etmək olardı. Onlar tur zamanı tez-tez Yelena xanıma suallar verir, hər şeylə maraqlanır, viktorinalarda iştirak edir, suallara düzgün cavab verməkdə böyüklərdən geri qalmırdılar.
Buna görə onlar Səbinə xanım tərəfindən mükafatlandırıldılar. Onu da deyim ki, Yelena xanım səfər müddətində həm uşaqların, həm də böyüklərin suallarına səbrlə və təfərrüatlı cavab verirdi. Səbrlə ona görə deyirəm ki, bəzən suallar gülməli və sadəlövh olurdu və onlara dözmək lazım idi 🙂
Yelena xanım həqiqətən öz işini çox yaxşı bilən peşəkar bələdçidir.
Səbinə xanım sualları düzgün cavablandıran iştirakçıları hədiyyələr verir, heç kimi darıxmağa qoymurdu.
Onu da deyim ki, Qobustan Milli Tarix-Bədii Qoruğunda heç vaxt, heç uşaq vaxtı da olmadığımdan və tarixi abidələrə marağım olduğundan ora getmək mənə ikiqat maraqlı gəlirdi.
Qayalara baxmazdan əvvəl onların yanındakı kafedə çay fasiləsinə və yeməyə dayandıq. Çay süfrəsi də çox mehriban keçdi; masalarda çay içə-içə hərə öz gətirdiyi yeməklərdən, şirniyyatlardan bir ailə kimi bir-biri ilə bölüşdü. Necə deyərlər, çay-çörək yeyib şənləndik, şirin-şirin söhbətləşdik.
Səbinə xanım burada da hədiyyələr təqdim etdi. Kafedə qiymətlər, açığı, bir qədər baha idi. Adi qutab 3-5 manat…
Qiymət orada münasib olsa, pis olmaz. Amma əsas odur ki, ümumən hamıya xoş oldu. Yeri gəlmişkən, turumuza “xarici qonaqlar” – Rusiyanın Sankt-Peterburq şəhərindən gələn İvanla Mariya da qoşulmuşdular. Çox mehriban cütlük olan İvanla Mariya səfərdən çox razı qaldılar.
Onlar söhbət zamanı bildirdilər ki, ümumiyyətlə, Azərbaycandan, Bakıdan çox xoşları gəlir.
Qoruğun çölündə “Qədim Qobustan” adlanan interaktiv tur var.
Bura “İbtidai insanın bir günü”nü əks etdirir.
Qamışlardan hazırlanmış sığınacaqlara baxdıqda burada ibtidai insanın yaşam tərzi ilə yaxından tanış olmaq olar. Çox maraqlı düzəldiblər.
Bura böyüklü-kiçikli hamıya əyləncəli gəldi.
Təbii ki, burada qədim insanları əks etdirən heykəllərlə şəkillər çəkildi.
Minilliklərin daş yaddaşı – Qobustanda tarixə səyahət
Böyük Qafqaz dağlarının cənub-şərq qurtaracağında yerləşən Qobustan özünəməxsus təbiəti və zəngin tarixi ilə seçilir. Ərazinin adı da coğrafi xüsusiyyətləri ilə bağlıdır.
Belə ki, “qobu” sözü yarğan, dərə və su eroziyası nəticəsində yaranan dərin çökəklik mənasını ifadə edir. Gilli torpaq qatının eroziyaya asan məruz qalması burada çoxsaylı yarğanların və təbii qobuların yaranmasına səbəb olub. Ən geniş yayılmış izaha görə, Qobustan adı da məhz bu xüsusiyyətlərdən qaynaqlanır.
Qobustanda diqqətimizi çəkən ilk məqamlardan biri minilliklərin yadigarı olan qayaüstü rəsmlər – petroqliflər idi.
Burada 20 min il ərzində yaradılmış, 1031 qaya üzərində 6300-dən çox təsvir qeydə alınıb.
Qoruq 4500 hektarlıq sahəni əhatə edir və müxtəlif fondlarda 100 mindən çox arxeoloji material saxlanılır. Ərazidə arxeoloqlar tərəfindən 20 sığınacaq, 40-a yaxın kurqan aşkar olunub. Bunların hər biri keçmişin səssiz şahididir.
Paleolit dövründən orta əsrlərə qədər uzanan bu təsvirlər qədim insanların gündəlik həyatını, ovçuluq səhnələrini, dini ayinlərini və ətraf mühitlə münasibətini əks etdirir. Daşların üzərinə həkk olunmuş rəsmlərdə heyvanları, qayıqları, rəqs səhnələrini və müxtəlif məişət təsvirlərini görmək mümkündür. Hər bir rəsm sanki min illər əvvələ açılan bir pəncərədir.
Qobustan məşhur norveçli səyyah və tədqiqatçı Tur Heyerdalın da diqqətini cəlb edib. O, qayaüstü rəsmlərdəki qamış qayıqları qədim Skandinaviya gəmilərinə bənzədərək Norveç və Azərbaycan xalqlarının tarixi əlaqələri ola biləcəyini irəli sürüb. Heyerdal Qobustana bir neçə dəfə səfər edərək bu təsvirləri araşdırıb.
Qoruğu gəzdikcə yerdə “İlan var”, “Keçmək olmaz” kimi işarələrə rast gəldik, amma burada ilanı ancaq yay aylarında görmək mümkündür.
Qobustanın beynəlxalq əhəmiyyəti də böyükdür. Tarixi və mədəni dəyərinə görə Qobustan Qaya Sənəti Mədəni Landşaftı 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Ərazidə marağımıza səbəb olan məkanlardan biri də Qavaldaş oldu. Bu iri daşın müəyyən nöqtələrinə vurduqda müxtəlif səslər eşidilir. Onun qədim insanların musiqi və mərasim həyatında istifadə olunduğu ehtimal edilir. Qobustanın başqa bir diqqətçəkən tarixi yadigarı isə qaya üzərində qorunub saxlanılan, eramızın I əsrinə aid latın yazısıdır.
Böyükdaş dağının cənub-şərq ətəyindəki qaya üzərində latın dilində yazılmış kitabədən məlum olur ki, imperator Domisian dövründə (81-96) XII Roma legionu Azərbaycanda olmuşdur.
Yazının Azərbaycan dilinə tərcüməsi belədir: “İmperator Domisian Sezar Avqust Germanik, Lutsiy Yuliy Maksim, Senturion İldırım sürətli XII legion”.
Araşdırmalar göstərir ki, yazı Roma imperatoru Domisianın “Fulminata” (ildırım sürətli) ləqəbli XII legionu (Legio XII Fulminata) tərəfindən həkk edilib.
Alimlər hesab edirlər ki, Sezar Domisian legionu Qafqaza müttəfiq olan İberiya və Albaniyaya kömək üçün göndərmişdi.
Belə çıxır ki, “Legio XII Fulminata” Romadan Şərqə doğru ən uzağa getmiş legion, Qobustanda tapılan kitabə isə indiyədək tapılmış ən şərq Roma yazısıdır.
Qədim insanların sığındığı təbii qaya mağaraları və yaşayış yerləri də onların həyat tərzi haqqında maraqlı təsəvvür yaradır.Səfərimiz çərçivəsində müasir Qobustan muzeyini də ziyarət etdik. Burada arxeoloji qazıntılar zamanı aşkar edilmiş tapıntılar, petroqliflərin izahları, qədim insanların ovçuluq, məişət və mərasim ənənələrini əks etdirən ekspozisiyalarla tanış olduq. Xüsusilə qədim insanların yaşayışını canlandıran maketlər diqqətimizi çəkdi. İnteraktiv ekranlar, 3D görüntülər və multimedia təqdimatları isə tarixi məlumatları daha canlı və anlaşıqlı şəkildə təqdim edərək keçmişə sanki zaman səyahəti etməyə imkan yaradır.
Avtobus gözləyirik dayanacaqda:)
Qobustana səfər etməyi planlaşdıranlar üçün giriş qiymətlərini də qeyd edək. Yeni tariflərə əsasən, xarici ziyarətçilər üçün biletin qiyməti 15 AZN, yerli ziyarətçilər üçün 5 AZN təşkil edir. Məktəblilər isə qoruğu ödənişsiz ziyarət edə bilərlər.
İki mərtəbədən ibarət olan muzeyin girişində milli ornamentlərlə bəzədilmiş və Qobustanı əks etdirən suvenirlər satılır.
Qobustanda Yallı – minilliklərdən gələn ənənə
Qoruqda yaşadığımız ən yaddaqalan və xoş anlardan biri isə milli rəqsimiz olan Yallını birlikdə ifa etməyimiz oldu. Səbinə xanım qoruğun əməkdaşlarından Zəfər Günü münasibətilə muzeyin daxilində Yallı rəqsi oynamaq üçün icazə aldı. Bu, səfər iştirakçıları üçün gözlənilməz və çox xoş sürpriz oldu. Musiqi səsləndikdən sonra hamımız əl-ələ verərək Yallı rəqsini oynadıq.
Qobustanın qayaüstü təsvirlərində də qədim insanların əl-ələ tutaraq rəqs etdiklərini görmək mümkündür. Yallı səhnələri Qobustan qayaüstü rəsmlərinin ən xarakterik və diqqətçəkən nümunələrindən hesab olunur. Onlar həm də bu milli rəqsimizin qədim köklərini və Qobustanın tarixi-mədəni əhəmiyyətini nümayiş etdirir. Beləliklə, minilliklər əvvəldən gələn bu ənənəni özümüz də yaşamaq imkanı qazandıq.
Böyükdaş və Kiçikdaş dağlarının əhatəsində yerləşən bu əraziyə nəzər saldıqca anlayırsan ki, Qobustan sadəcə qayalar və daşlardan ibarət məkan deyil. Bura minilliklər boyu burada yaşamış insanların izlərini, inanclarını və həyat hekayələrini qoruyub saxlayan, açıq səma altında yaradılmış əsl tarix kitabıdır.
Qobustanın bilinən ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir. İshaq Cəfərzadə Qobustanda 3500-dən artıq qayaüstü rəsm aşkar etmişdi. Sonrakı dövrlərdə isə Cəfərqulu Rüstəmov və Firuzə Muradova tərəfindən aparılan 30 illik tədqiqatlar nəticəsində 2500 yeni təsvir aşkar olunmuşdur.
1972-ci ildə Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində on iki insan skeleti aşkar olunmuşdur. Firuz düşərgəsində açılmış son mezolit dövrü qəbrindəki insanların kəllə sümüklərinin antropoloji quruluşu onların elmi tədqiqi zamanı müəyyən olunmuşdur ki, onlar müasir azərbaycanlıların əcdadlarıdır.
Şəhərin səs-küyündən uzaq, Xəzər dənizinin mənzərəsi ilə əhatə olunmuş Qobustanda özümü bir neçə saatlıq keçmişdə, başqa planetdə, paralel dünyada hiss etdim. Elə bil burada tarix donub qalıb.
Qayaları gəzərkən yerdə çoxlu sayda kiçik quyular marağımıza səbəb oldu. Bələdçimiz bildirdi ki, ehtimallardan biri onların qədimdə su quyuları kimi istifadə olunmasıdır. İçməli su ehtiyatı az olduğundan, ola bilsin, insanlar buraya yığılan yağış suyundan içiblər.
Açığı, mən Qobustan haqqında nə qədər danışsam da, özünüz gəlib baxsanız, daha maraqlı olar. Çəkdiyimiz şəkillər silinə bilər, qalmaya bilər, heç yerə yerləşdirilməyə bilər, amma insanın aldığı xoş təəssürat uzun illər yaddaşda qalır.
Qayalarından dənizə gözəl panorama açılır. Burada oturacaqlarda oturub şəkil çəkdirmək, açılan mənzərədən feyziyab olmaq olar. Burada qayaüstü rəsmlərə və ətraf mənzərəyə baxmaq üçün teleskoplu baxış meydançası var.
Burada olarkən fikirləşdim ki, indi insanlar komfortlu həyat yaşamağa çalışır, müasir yaşayış komplekslərindən nağd və ya kreditlə ev alır, çox vaxt da narazı qalır, naşükürlük edirlər.
Maraqlıdır ki, qədim dövrlərdə əcdadlarımız bu “şəraitsiz” mağaralarda necə yaşayıblar?! Bəlkə də o zaman bu qayalar dəbdəbəli evlər, sanballı yaşayış kompleksi sayılıb 🙂
Burada insanların balıqçılıqla məşğul olması, qayıqlarının olması təbiidir. Dəniz lap yaxındır, əvvəl isə – çəkilməmişdən qabaq – lap yaxın olub.
Marsı xatırladan palçıq vulkanları
Səyahətimiz Qobustan Dövlət Tarix-Bədii Qoruğundan Palçıq Vulkanları Turizm Kompleksinə doğru davam etdi. Təxminən 15–20 kilometrlik yolu avtomobillə qət edərək kompleksə çatdıq. Hava yağışlı olsa da, bu, vulkanlarla tanışlığımıza mane olmadı. Əksinə, yağışlı havada ərazinin qeyri-adi mənzərəsi daha da maraqlı görünürdü.
2024-cü ildə açılan kompleks Azərbaycanın qeyri-adi təbiətini görmək, maraqlı eksponatlarla tanış olmaq və fərqli səyahət təəssüratları yaşamaq üçün seçilən məkanlardan biridir.
Abşeron rayonunun Qobustan kəndində, Bakıdan 59 kilometr məsafədə yerləşən kompleks təxminən 12 hektar ərazini əhatə edir. Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yerdədir. Dünyadakı 2 mindən çox palçıq vulkanının 350-dən çoxu ölkəmizdə yerləşir.
Kompleksin əsas görməli məkanı Qılınc (Pirəkəşkül) palçıq vulkanıdır. O, bir xətt boyunca dərə ilə uzanan səkkiz vulkan sopkasından ibarətdir. Əraziyə baxanda insanda elə təəssürat yaranır ki, sanki Yer kürəsində deyil,
Mars planetindəsiniz. Boz torpaq, qeyri-adi relyef və müxtəlif formalı vulkan təpəcikləri fərqli mənzərə yaradır. Vulkanlar lava deyil, qaz, su və palçıq qarışığını yer səthinə çıxarır.
Kompleksdə Təbiət Tarixi sərgi zalı da fəaliyyət göstərir. Burada 98 heyvan skeleti, 870-dən çox qurudulmuş həşərat, müxtəlif sürünənlər və qədim dövrlərə aid paleontoloji tapıntılar nümayiş etdirilir. Xüsusilə Binəqədi faunasına aid qədim heyvan qalıqları diqqət çəkir.
Digər maraqlı məkan isə Mineral Muzeyidir. Burada Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 80-ə yaxın mineral nümunəsi, qiymətli və yarımqiymətli daşlar sərgilənir. Turizm İnformasiya Mərkəzində isə əl işləri, dekorativ nümunələr və neftlə çəkilmiş rəsmlərlə tanış olmaq mümkündür. Dulusçuluq və neftlə rəsm çəkmə emalatxanaları da fəaliyyət göstərir.
Ziyarətçilər üçün panoram müşahidə meydançası, restoran, piyada yolları və avtodayanacaq yaradılıb.
Kino ulduzundan faciəli taleyə: Berberovların şirinin hekayəsi
Kompleksdə diqqətimizi çəkən maraqlı eksponatlardan biri də Berberovlar ailəsinin saxladığı Kinq II adlı şirin skeleti oldu. Bələdçimiz bu qeyri-adi eksponatın tarixçəsini danışaraq bizi ötən əsrin 80-ci illərində Bakıda baş vermiş faciəli hadisə ilə tanış etdi.Qeyd edək ki, memar Lev Berberov və həyat yoldaşı Nina xəstə doğulmuş Kinq adlı şir balasını evlərinə gətirərək böyütmüşdülər.
Tamamilə əhliləşdirilən bu şir sovet kinosunun tanınmış heyvan qəhrəmanlarından birinə çevrilmiş, məşhur “İtaliyalıların Rusiyada inanılmaz macəraları” filmində də çəkilmişdi. Lakin Moskvada çəkilişlər zamanı bir gəncə hücum etdikdən sonra milis tərəfindən güllələnmişdi.
Birinci Kinqin ölümündən sonra ailə onun əvəzinə Kinq II adlı başqa bir şir balası götürmüşdü. Ancaq ikinci şirin xarakteri fərqli idi və o, əvvəlki kimi əhliləşdirilə bilməmişdi.
1980-ci ilin dekabrında faciə baş verdi. Ailə başçısı Lev Berberovun vəfatından sonra Nina və övladları ilə yaşayan Kinq II qəfil ailə üzvlərinə hücum etdi. Hadisə nəticəsində Nina Berberova və 14 yaşlı oğlu Roman həyatlarını itirdilər. Hadisə yerinə gələn milis əməkdaşları şiri güllələdilər.
Bibiheybət – tarixin və mənəviyyatın qovuşduğu məkan
Səfərimizin proqramının son nöqtəsi müqəddəs yer sayılan Bibiheybət məscidini ziyarət etmək idi.
Baxmayaraq ki, çox güclü yağış yağırdı, biz bu mənəvi məkanı ziyarət etməkdən imtina etmədik və bu, hamıda çox müsbət enerji yaratdı.
Qısaca məlumat verim ki, Bibiheybət məscid-ziyarətgah kompleksi Bakı buxtası sahilində yerləşir. Bu məkan Bakının ən müqəddəs və tarixi dini abidələrindən biridir. Xəzər dənizinin sahilində yerləşən kompleks həm memarlıq, həm də mənəvi dəyəri ilə seçilir. Bibiheybət yalnız ibadət məkanı deyil, eyni zamanda Azərbaycan xalqının tarixini, inancını və mədəniyyətini yaşadan müqəddəs ocaqdır.
Məscidin həyətindən aşağı baxanda Bibiheybət Gəmi Təmiri Zavodunu və sahildə dayanmış müxtəlif gəmiləri də görmək olur.
Məscid yeddinci imam Musa Kazımın qızı və səkkizinci imam Rzanın bacısı Həkimə xanımın məzarı üzərində tikilib. Məscid inşa edilməmişdən əvvəl də Həkimə xanım Məhəmməd peyğəmbərin nəslindən olduğu üçün məzarı müqəddəs sayılıb.
Bibiheybət məscidi ilk dəfə XIII əsrdə, təxminən 1281–1282-ci illərdə, Şirvanşah II Fərruxzadın dövründə tikilib. Ziyarətgah sovetlərin ilk illərində repressiyaya məruz qalmış, 1934-cü ildə tamamilə dağıdılmışdır. 1997-ci il iyulun 23-də yenidən tikintisinin təməli qoyulub, 12 iyul 1998-ci ildə açılışı olub. Məscid kompleksinin genişləndirilməsi və yenidən qurulması isə 2008-ci ildə başa çatıb. Bu gün ziyarətgah yalnız ibadət yeri deyil, həm də mədəni və mənəvi birlik məkanıdır. Buraya üz tutanlar dua edir, rahatlıq tapır və məscidə iman və inam yeri kimi baxırlar.
Bibiheybət məscidi tarixən Azərbaycanın tanınmış şəxsiyyətlərinin və xarici səyyahların diqqətini çəkib. Səfəvi hökmdarları I Şah Təhmasib, I Şah Abbas və Şah Hüseyn ziyarətgahın himayəsi ilə bağlı fərmanlar veriblər. 1858-ci ildə Bakıda olan məşhur fransız yazıçısı Aleksandr Düma da Bibiheybəti ziyarət edib.
Natəvanın çəkdirdiyi deyilən yol və ziyarətgahın sirli tarixçəsi
Ziyarətgahın tarixi ilə bağlı ən maraqlı əhvalatlardan biri isə Xurşudbanu Natəvanın adı ilə bağlıdır. Deyilənə görə, övlad sahibi olmaq arzusu gerçəkləşdikdən sonra Natəvan verdiyi nəzirə əməl edərək öz vəsaiti hesabına Bibiheybətə yol çəkdirib və körpəsi ilə birlikdə həmin yolla ziyarətgaha gəlib. Bütün bunlar haqqında Yelena xanım maraqlı məlumatlar verdi.
Bura həmçinin xarici turistlər də gəlir.
Ümumiyyətlə, məscidlərin xoş bir aurası olur ki, mən bunu həmişə özümdə hiss edirəm. Bunun da səbəbi, düşünürəm, odur ki, məscidə xoş niyyətlə gəlirlər və neqativ fikirlər olmur deyə məsciddə müsbət enerji toplanır,gələn insanlar da o enerjidən qaynaqlanırlar.
Elə bil telefon “zaryadka” yığdığı kimi, məscidə gələnlər də orada olan müsbət enerjidən qaynaqlanırlar.
Tur iştirakçıları dualar etdilər, nəzir verdilər və hamı etiraf etdi ki, daxilən rahatlaşdı, sakitlik tapdı.
Adam heç məsciddən çıxmaq istəmirdi.
Amma hər şeyin bir sonu olduğu kimi, bizə xoş saatlar bəxş edən turumuz da sona çatdı.
Gələn səfərlərəcən!
İMRAN KƏRİMLİ
P.S. Qeyd edim ki, “İstedadlar kaleydoskopu”layihəsi yaradıcı insanlar üçün müxtəlif tədbirlər təşkil edir.
Layihə çərçivəsində təqdimatlar, yaradıcılıq gecələri, tur-səfərlər və ekskursiyalar, eləcə də ustad dərsləri keçirilir.
Layihənin əsas məqsədi istedadlı və yaradıcı insanların üzə çıxarılması, onların fəaliyyətinin geniş auditoriyaya tanıdılması, yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Qeyd edək ki, “İstedadlar kaleydoskopu” (“Калейдоскоп талантов”) layihəsi öz fəaliyyətini sosial şəbəkələrdə də təqdim edir. Layihənin təşkil etdiyi tədbirlər, yaradıcılıq gecələri, maraqlı görüşlər və digər yeniliklər barədə məlumatları YouTube, Instagram və TikTok platformalarında izləmək və müraciət etmək mümkündür.
“Калейдоскоп талантов”( İstedadlar kaleydoskopu) layihəsi sosial şəbəkələrdə :
https://www.youtube.com/@IRIS-Baku
https://www.instagram.com/kaleydoscope_s?utm_source=qr&stkn=MTVlNHFidjZ3bjYyMQ%3D%3D
https://www.tiktok.com/@kaleydoscope_s?_r=1&_t=ZS-9AFPLUQNp1Y











































































































































































