Nərimanov rayonu Ziya Bunyadov prospektində yerləşən boya satışı və başqa bir neçə obyektdə baş verən yanğın davam edir.
Tribuna.az xəbər verir ki, yanğınla bağlı hadisə yerində FHN-nin qərargahı yaradılıb.
Hazırda yanğının yayılmaması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir, ətraf obyektlər boşaldılır.
***
13.59
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.
APA nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
13.45
Bu gün saat 12:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonundan yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində ilkin tibbi yardım göstərilib”, məlumatda qeyd olunub.
***
12:24
Dərnəgüldə obyektdəki yanğınla əlaqəli polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Tribuna.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Bundan başqa, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.
***
12:07
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bunyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Tribuna.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.









