“Demək olar ki, hər iki nəfərdən biri Bakıda yaşayır”

“Demək olar ki, hər iki nəfərdən biri Bakıda yaşayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 35 il ərzində Bakı və Abşeron yarımadasında yaşanan demoqrafik sıçrayış paytaxtın simasını köklü şəkildə dəyişib. Rəsmi rəqəmlərə görə əhali sayı 2,1 dəfə artsa da, qeyri-rəsmi statistikada bu göstəricinin 4,5 milyona çatdığı və faktiki artımın daha kəskin olduğu bildirilir.

Tribuna.az xəbər verir ki, bu barədə Demokrat.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, bir sıra faktorların təsiri ilə Bakıda və onun ətrafında ciddi təmərküzləşmə müşahidə olunmağa başlayıb:

“Nəzarətsiz daxili miqrasiya meyilləri isə hazırkı acınacaqlı vəziyyəti formalaşdırıb. Artıq ölkə vətəndaşlarından demək olar ki, hər iki nəfərdən biri paytaxtda yaşayır. Görünən odur ki, Bakı şəhərinin infrastrukturu mövcud tələblərə cavab vermir. Bu problemlər həm nəqliyyat-kommunikasiya sahəsində, həm də tullantıların idarə olunması, şəhər infrastrukturunun təşkili, təhsil müəssisələrində xidmət keyfiyyəti və səhiyyə xidmətlərinin əlçatanlığı kimi bir çox sahələrdə özünü açıq şəkildə göstərir. Maraqlıdır ki, əhalisi Bakından dəfələrlə çox olan bəzi meqapolislərdə belə bu problemlər nisbətən daha yüngül formada müşahidə olunur. Bu isə müəyyən dərəcədə idarəetmənin təsirindən xəbər verir. Mövcud infrastrukturun düzgün qurulmaması və effektiv idarə olunmaması, eləcə də onun keyfiyyətinin aşağı olması burada əsas amillərdən hesab edilə bilər. Bu faktorları obyektiv və subyektiv olaraq qruplaşdırmaq daha məqsədəuyğundur”.

O deyib ki, Bakı və onun ətrafı kifayət qədər yüklənib:

“Bu səbəbdən regionların inkişafını təmin etməli, Bakıdan kənarda yeni sənaye və iqtisadi mərkəzlər formalaşdırmalıdır. Həmin mərkəzlərdə müasir sosial infrastruktur qurulmalı və əlçatanlıq təmin edilməlidir. Bu yanaşma gələcəkdə müəyyən nəticələr verə və ən azından paytaxtda əhali artımının qarşısını qismən ala bilər. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin potensialından daha səmərəli istifadə olunmasına ehtiyac var. Burada dayanıqlı məskunlaşma əsas hədəflərdən biri olmalıdır. Əgər bu təmin olunmazsa, həmin ərazilərə köçürülən əhalinin yenidən paytaxta qayıtması, burada iş və yaşayış yeri axtarması ehtimalı artacaq ki, bu da mövcud problemlərin daha da dərinləşməsinə səbəb ola bilər. Ümumilikdə isə bir sıra mühüm amillər mövcuddur. İqtisadi fəaliyyətin, sosial infrastrukturun və iş yerlərinin əsasən paytaxtda cəmləşməsi, əməkhaqqının burada nisbətən yüksək olması bu axını gücləndirir. Digər tərəfdən, qlobal urbanizasiya meyilləri, gənclərin regionlarda müasir peşələrə uyğun iş tapa bilməməsi, eləcə də onların tələblərinə cavab verən həyat tərzinin və sosial şəraitin olmaması paytaxta köçü sürətləndirir. Bütün bu amillər hökumət tərəfindən kompleks şəkildə təhlil edilməli və hər birinə uyğun hədəflənmiş tədbirlər planı hazırlanmalıdır. Yalnız bu halda nəzarətsiz daxili miqrasiyanın qarşısını almaq mümkün ola bilər”.