CENEVRƏ GÖRÜŞÜNDƏ NƏLƏR MÜZAKİRƏ OLUNDU – EKSPERT ŞƏRHİ

CENEVRƏ GÖRÜŞÜNDƏ NƏLƏR MÜZAKİRƏ OLUNDU – EKSPERT ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Cenevrədə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.
Görüşün nəticələri haqqında TİA. Az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü istənilən halda, sülh prosesində irəliyə doğru bir addım hesab oluna bilər:
“Hələlik, bu görüşün nəticələri barədə o qədər də geniş məlumat yoxdur. Azərbaycan tərəfinin verdiyi məlumata görə, görüşdə xarici işlər naziri Ceyhun Bayramov Ermənistandan öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarılmasını növbəti dəfə tələb edib. Eyni zamanda, sülh sazişinin mətninin hazırlanması üzrə müzakirələr olub.
Ermənistan tərəfi Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan ermənilərin hüquq və azadlıqlarının təmin edilməsinin vacibliyini qeyd edib. Hələlik, məlum deyil ki, rəsmi İrəvan “ermənilərin hüquq və azadlıqları” dedikdə nələri nəzərdə tutur. Halbuki, rəsmi Bakı Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin hüquq və azadlıqlarının məhz Azərbaycan Konstitusiyası çərçivəsində təmin ediləcəyini dəfələrlə vurğulayıb. Rəsmi Bakı ölkə ərazisində yaşayan ermənilərə Azərbaycanın digər vətəndaşlarına aid olan bütün hüquq və azadlıqları verməyə hazırdır. Ancaq ermənilər üçün xüsusi imtiyazlar istənirsə, bu, mümkün deyil. Çünki Azərbaycan dövləti öz vətəndaşları arasında ayrıseçkiliyə yol vermək niyyətində deyil.
Digər tərəfdən, rəsmi İrəvan Bakı və Xankəndi arasında da dialoqun qurulmasını təklif edir. Bunun da əsas məqsədi hələlik tam aydınlaşmayıb. Əgər, rəsmi İrəvan bu məsələ gündəmə gətirərkən, Azərbaycanın Qarabağ regionunun bir hissəsindəki “erməni problemi” Azərbaycanın daxili işi kimi qəbul edirsə, bu, başqa mövzudur. Yox, əgər, rəsmi İrəvan Bakı və Xankəndi arasında bərabər səviyyəli danışıqlar formatı barədə düşünürsə, bunu heç xəyallarına belə, gətirməsinlər. Çünki, rəsmi Bakı bununla heç vaxt razılaşmaz. Minsk Qrupunun həmsədrlərinin dəstəyi ilə Ermənistanın müxtəlif hiyləgər oyunlar icad etdiyi dövr artıq çoxdan arxada qalıb.
İndi əsas məsələ Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasına nail olmaqdır. Həmin sülh sazişində Ermənistan Xankəndi və ətraf bölgə də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Azərbaycana qarşı ərazi iddialarından birmənalı şəkildə imtina etməlidir. Yalnız bu halda, Cənubi Qafqazda sülh və sabitlik üçün real zəmin yaranmış olacaq.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də yekun sülh sazişinin hazırlanması baxımdan, müəyyən addımlardan biridir. Çünki, noyabr ayında keçirilməsi nəzərdə tutulan növbəti Brüssel görüşünə qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətninin hazırlanması istiqamətində müəyyən məsafənin qət edilməsi olduqca vacibdir. Və buna hansı səviyyədə nail olunacağı da ən qısa zamanda məlum olacaq”.

TİA. Az