Əvvəlki illərdə buraxılış imtahanlarının cavabları dörd həftə ərzində elan olunurdu. Bu il isə Dövlət İmtahan Mərkəzi nəticələri yeddi həftə ərzində elan olunacağını bildirdi.
Maraqlıdır, cavabların bu qədər gec elan edilməsi sualların çətinliyi ilə bağlı ola bilərmi? Səbəb nədir və cavablar niyə bu qədər gec elan edilir?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyevin fikrincə, cavabların gec elan edilməsinin sualların çətinliyi ilə əlaqəsi yoxdur. Ekspert bildirib ki, yoxlama prosesində iştirak edən canlı qüvvə çatışmazlığı səbəbindən cavablar gecikir:
“Hesab edirəm ki, burada yoxlama prosesində cavabları yoxlayan markerlərin, canlı qüvvənin sayının azlığı buna müəyyən qədər təsir göstərir. Yəni DİM xüsusilə də açıq tipli sualların, mətn suallarının yoxlanılmasında canlı qüvvədən, insan faktorundan istifadə edir. DİM özü də etiraf etmişdi ki, imtahanların yoxlanması prosesini həyata keçirərkən marker çətinliyi çəkirlərik, marker azlığı yaşayırıq. Təcrübəli mütəxəssislər, ixtisas fənni üzrə müəyyən bir bilik və bacarığa malik olan təcrübəli işçilərin əksəriyyəti marker olmaqdan imtina edir”.
Ekspert bildirib ki, DİM yoxlama zamanı daha çox magistr tələbələrindən və orta ümumtəhsil məktəblərində işləyən müəllimlərdən istifadə edir:
“Təcrübəli fənn müəllimləri verilən məvacibin azlığı səbəbindən markerlik fəaliyyətindən bir il sonra imtina edirlər. DİM-də imtahan cavablarını yoxlayan yoxlayıcı sayı az olduğuna görə də cavabların elan edilməsi uzanır. DİM ilk məlumatda 7 həftəyə cavabların elan ediləcəyini bildirib. Hesab edirəm ki, 5 həftəyə cavablar elan edilə bilər”.
Nigar İxtiyarqızı










