“Bravo” supermarketlər şəbəkəsinin 20 Yanvar filialı ilə bağlı növbəti narazılıq gündəmə gəlib.
Tribuna.az xəbər verir ki, şikayətçi Anar Quluzadənin sözlərinə görə, marketdə satışda olan şokolad və konfet məhsullarının qiymətləri kiloqram üzrə deyil, 100 qram üzrə göstərilib. Bu isə alıcıların ciddi narazılığına səbəb olub.
Vətəndaş bildirib ki, sözügedən yanaşma təkcə onun deyil, digər müştərilərin də etirazına səbəb olub:
“Şokoladların qiyməti kiloya görə deyil, 100 qrama görə yazılmışdı.
Bütün konfet məhsullarının 100 qramlıq qiyməti qeyd olunmuşdu. Müştərilər buna görə narazılıq edirdi. Çünki heç kim aldadıldığını hiss etmək istəmir”.
Şikayətçi hesab edir ki, bu üsul məhsulların bahalaşmasını alıcıdan gizlətmək və qiymət artımını daha az göstərmək məqsədi daşıyır.
Onun sözlərinə görə, bəzi vətəndaşlar qiymət fərqini hesablaya bilsə də, hər kəs alış-veriş zamanı əlavə riyazi hesablamalar aparmır:
“İnsanlar marketə riyaziyyat hesablamağa yox, məhsul almağa gəlirlər.
Bəziləri bilir ki, 100 qramln qiyməti 1.5 çamatdırsa, ddməli 1 kiloqramın qiyməti 15 manatdır. Amma bunu hər kəs hesablamır axı. Bu alıcını aldatmaqdı, onu çaşdırmaqdı”.
Vətəndaşlar “Bravo” rəhbərliyini bu praktikanı dayandırmağa çağırır.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul













