Pandemiyadan əvvəl fəaliyyət göstərən Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən işə salınması böyük maraq doğurub. 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tiflis-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəlinib. Bu istiqamətdə qatar reysləri sonuncu dəfə 2020-ci ildə – karantin məhdudiyyətlərindən əvvəl fəaliyyət göstərib.
Tribun.az xəbər verir ki, indi də hamını sözügedən qatar səfərlərinin bilet qiymətləri maraqlandırır.
Arxiv məlumatlarına görə, 2017-ci ildə Bakı-Tbilisi-Bakı qatarında biletlərin qiyməti belə olub:
Plaskart – 24,54 manat
Kupe – 35,32 manat
SV – 58,43 manat
Həmin dövrdə qiymətlər hətta əvvəlki tariflərlə müqayisədə ucuzlaşdırılmışdı.
Nəqliyyat məsələləri üzrə ekspertlər bildirirlər ki, hazırkı iqtisadi şəraitdə həmin qiymətlərlə reyslərin fəaliyyəti real görünmür.
İqtisadçıların fikrincə, son illərdə yanacaq, texniki xidmət, beynəlxalq daşımalar və vaqon xərclərinin artması tariflərə də təsir edəcək.
Mütəxəssislər hesab edir ki, yeni qiymətlər təxminən belə ola bilər:
Plaskart – 45-60 manat
Kupe – 70-90 manat
SV – 100-120 manat
Ekspertlərə görə, qiymətlər artsa belə, qatar yenə də təyyarədən daha sərfəli seçim olacaq.
Hazırda Bakı-Tbilisi istiqamətində aviabiletlərin qiyməti əsasən 160 manatdan başlayır. Yay mövsümündə isə qiymətlər daha da artır.
Turizm üzrə mütəxəssislər düşünür ki, qatarın bərpası Gürcüstana turist axınını artıracaq. Xüsusilə tələbələr, ailələr və büdcə səfərinə üstünlük verənlər üçün bu marşrut yenidən populyarlaşa bilər.
Gülşən Rəsul









