Ali təhsil müəssisəsinin akkreditasiyadan keçə bilməyərək fəaliyyətini dayandırması ölkənin təhsil sistemində mövcud olan dərin struktur və idarəetmə nöqsanlarının rəsmi göstəricisidir. Bu qərar sadəcə inzibati prosedur deyil, təhsilin keyfiyyətinə göstərilən diqqətsizliyin və uzun illər ərzində toplanmış problemlərin məntiqi nəticəsidir.

Bu sözləri Tribuna.az-a açıqlamasında təhsil eksperti Vüqar Məmmədov Bakı Qızlar Universitetinin bağlanması ilə bağlı danışarkən deyib. O bildirib ki, belə halların baş verməsi ali təhsilin ictimai nüfuzuna xələl gətirməklə yanaşı, tədris müəssisələrinin strateji inkişaf planlarının yetərsizliyini və ümumi idarəetmə böhranını açıq şəkildə üzə çıxarır:
“Qanunvericiliyə uyğun olaraq tələbələrin digər təhsil müəssisələrinə köçürülməsi onların təhsil hüququnu müəyyən dərəcədə təmin etsə də, baş vermiş mənfi təsirin nəticələrini tam aradan qaldırmır.
Tələbələrin psixoloji gərginliklə üzləşməsi, təlim mühitinin dəyişməsi və vaxt itkisi dövlətin tətbiq etdiyi mexanizmlərlə tam kompensasiya oluna bilmir. Eyni zamanda, akkreditasiyadan keçməyən müəssisənin akademik və inzibati heyətinin əmək müqavilələrinə xitam verilməsi kadr potensialının səmərəsiz idarə olunmasını və sosial müdafiə məsələlərindəki ciddi boşluqları nümayiş etdirir.
Yaranmış kəskin vəziyyətə görə birbaşa məsuliyyət universitet rəhbərliyinin üzərinə düşür. Təhsil müəssisəsinin idarə heyəti daxili keyfiyyət təminatı sistemini formalaşdıra bilməmiş, tədris proqramlarının günün tələblərinə uyğunlaşdırılmasını təmin etməmişdir.
Maliyyə resurslarının elmi-tədqiqat işlərinə və maddi-texniki bazanın yenilənməsinə yönəldilməməsi, eləcə də akademik kadrların inkişafına laqeyd yanaşılması müəssisənin rəqabət qabiliyyətini itirməsinə və akkreditasiya standartlarına cavab verməməsinə şərait yaratmışdır”.
V. Məmmədov əlavə edib ki, bütün bunlarla yanaşı hazırda Elm və Təhsil Nazirliyinin və müvafiq tənzimləyici qurumların nəzarət mexanizmlərində də ciddi çatışmazlıqlar müşahid olunur:
“Akkreditasiya qiymətləndirməsinin yalnız müəyyən olunmuş uzunmüddətli dövriliklə məhdudlaşması və vaxtında aralıq monitorinqlərin aparılmaması problemlərin dərinləşməsinə şərait yaradır.
Tənzimləyici orqanın önləyici tədbirlər görmək, şərti akkreditasiya və ya idarəetmə dəstəyi vasitəsilə müəssisəni sağlamlaşdırmaq əvəzinə passiv mövqe tutması dövlət nəzarətinin profilaktik funksiyasının zəif olduğunu göstərir.
Yekun olaraq, ali təhsil müəssisələrinin akkreditasiyadan keçməməsi həm universitet idarəçiliyinin, həm də dövlət nəzarəti mexanizmlərinin effektiv fəaliyyət göstərmədiyini sübut edir.
Təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız cəzalandırıcı tədbirlərlə deyil, idarəetmədə məsuliyyətin artırılması və önləyici dövlət tənzimlənməsi ilə mümkündür. Müəssisə rəhbərliyinin peşəkar yanaşması və tənzimləyici qurumların davamlı dəstəyi təmin olunmadığı təqdirdə ali təhsil sistemində oxşar problemlərin təkrarlanması qaçılmazdır”.
Nigar İxtiyarqızı









