Artıq bir meə gündür sosial şəbəkələrdə və mediada Azərbaycanın Atom Elektrik Stansiyası (AES) inşa edəcəyi barədə xəbərlər dolaşır.
Tribuna.az xəbər verir ki, buna səbəb Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Avrasiya diplomatiya Forumunda “Azərbaycan nüvə enerjisi məsələsi barədə düşünür” açıqlamasıdır.
Bəzi mənbələr iddia edirlər ki, guya, rəsmi Bakı bu prosesi Rusiya ilə birlikdə həyata keçirəcək. Daha doğrusu, tikinti və quraşdırma işlərini “Rosatom” şirkəti reallaşdıracaq.
Ekspert Novruzəli Yusubzadə isə qeyd edir ki Azərbaycana AES lazımdır. Onun sözlərinə görə, əgər AES qurularsa, təbii qazı daxili sistemə vermədən bir-başa sata bilərik. “Gələcəkdə neft və təbii qaz olmadığı zamanda AES ən təmiz enerji mənbəsi kimi fəaliyyətini davam etdirəcək”.
O bildirib ki, Azərbaycana 1 ədəd nəhəng AES lazım deyil. “Ortalama 1 normal AES 1200 mw enerji istehsal edir. İnşası isə 15-20 il çəkir. Əsasən, soyudulması üçün də su hövzəsinə yaxın inşa edilməlidir”.
Yusubzadə vurğulayır ki, AES-lərin qurulması və idarəsi zamanı quran dövlətin təklif etdiyi modellər var: “Məsələn, Rusiyanın təklif etdiyi model BOO adlanır. Yəni gəlir, qurur, işlədir və hərbi cəhətdən qorumaq üçün kontingent gətirir. Bir növ hərbi baza qurur. Ərazinin mülkiyyəti də onlara aid olur. Eynilə hərbi bazalar və diplomatik missiyalar kimi. Çin həm rus modeli kimi, həm də təhvil verib getmə modelini tətbiq edir. Pakistanda qurdular, texnologiya transferi edib getdilər. Cənubi Koreya qurur, maliyyəni sən ayırırsan, özün qoruyursan, amma onların mütəxəssisləri çalışır. ABŞ/Fransa özü qurur, texnologiya transferi edir, maliyyəni sən ayırırsan, özün də öyrənib qoruyursan”.
Ekspert hesab edir ki, Azərbaycan AES-i Rusiyaya inşa etdirməməlidir. O, həmçinin buna gərək olmadığını da qeyd edib. “Azərbaycan Qəbələ RLS-nin bağlanması, Qarabağdan rus hərbi kontingentinin çıxarılması proseslərində ciddi şəkildə çətin vəziyyətlərdən keçən bir dövlət kimi təkrar, güclü olduğu halda niyə buna getsin? Həm də bu cür asılılıq 60-80 illik periodu əhatə edir”.
Yusubzadə “Bəs Azərbaycan nə edə bilər” sualına da aydınlıq gətirib. “Ölkə ərazisində SMR-lər (Kiçik Modul Reaktor) qura bilər. SMR-lər son 10 ildə yayılmağa başlayan, modul tipli kiçik nüvə stansiyalarıdır. 24-36 ay ərzində 1 SMR qurmaq olar. Maddi olaraq xərci də 1-3 milyard dollardır. SMR-ləri qurarkən mütləq su hövzəsində qurmağa da ehtiyac yoxdur. Bu cür stansiyalar 77 ilə 300 mw arasında enerji istehsal edir. Onu qorumaq üçün hərbi kontingentə ehtiyac olmur. Öz əsgərlərimiz də qoruya bilər. Daşına bilən olduğu üçün mülkiyyət problemi də AES qədər deyil. 1 AES 1200, SMR isə 100-300 mw arası enerji istehsal edirsə, Azərbaycana 4-10 arası SMR bəs edər. Bu SMR-ləri ölkə üzrə bölüşdürüb, enerji diversifikasiyasını da təmin etmək təhlükəsizlik baxımından daha uyğun olar. Həm də 1 SMR qurub, digərini daha sonra da qurmaq olar”
Ekspert sonda qeyd edib ki, bütün variantlara baxanda həm ehtiyac, həm təhlükəsizlik üçün ən optimalı Fransa ilə əməkdaşlıqdır. “Lakin bu mümkün olmayacaqsa, Cənubi Koreya və ABŞ daha məntiqli olar. Heç biri mümkün deyilsə, Çin ilə əməkdaşlıq yenə də Rusiya ilə olandan daha məntiqlidir”.
Fərda Uğur










